Vaşinqton görüşünün gizli DETALLARI: Rusiya və İran Ermənistanda çevrilişə hazırlaşır?

Təhlil

06.08.2025 17:25

“ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş son dərəcə məxfi şəraitdə hazırlanıb. Bu barədə məlumat yalnız iki gün əvvəl Vaşinqtondakı dairələr tərəfindən sızdırılıb. Görünür ki, həm Bakı, həm də İrəvan bu xəbərin vaxtından əvvəl ictimaiyyətə açıqlanmasında maraqlı olmayıb”.

TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” hesabında yazıb.

O, görüşün gizli saxlanılmasının səbəblərinə də aydınlıq gətirib:

"Rusiya və İran kimi qonşuları olan Cənubi Qafqaz ölkələrinin Vaşinqtonla isti münasibətləri Moskva və Tehranda ciddi narahatlıq doğurur. Hər iki ölkənin pozuculuq fəaliyyəti isə artıq hamıya bəllidir. Buna baxmayaraq, Bakı və İrəvan Vaşinqtonda keçiriləcək görüşə və Ağ Ev sahibinin iştirakı ilə sülh sazişinin paraflanması imkanına qarşı çıxmayıb.

Doğrudur, Vaşinqtonun siyasəti ilə bağlı müəyyən suallar var. Ancaq Rusiya və İranın regional siyasəti ilə bağlı suallar və narahatlıqlar daha çoxdur.

Kreml və Tehran hələlik Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə reaksiya verməyib. Görünür, görüşün nəticələrini və ABŞ paytaxtında hansı sənədlərin imzalanacağını gözləyirlər.

Bütün hallarda, Moskva və Tehranın Vaşinqtonun regional təşəbbüslərinin qarşısını alması getdikcə çətinləşir. Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ şirkətlərindən birinin Zəngəzur dəhlizini icarəyə götürmək təklifinə razılıq versə, Moskva və Tehran buna yalnız Ermənistanda çevriliş yolu ilə mane ola bilər", - deyə politoloq vurğulayıb.

Qeyd edək ki, iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ-nin paytaxtı Vaşinqtonda görüş keçiriləcək.

Qiymət Mahir

tag: Elxan Şahinoğlu,Politoloq,Vaşinqton,Görüş,Rusiya,İran,Todaypress.tv,

photo