Aİ Ermənistanı SINAĞA ÇƏKİR: Tərəfdaşdan RİSKLİ TƏLƏB!
Təhlil
03.12.2025 17:28
Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanı Rusiyaya qarşı Aİ üçün sərt olan sanksiyalara qoşulmağa çağırıb.
O bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da qatıldığı Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Dünya nizamı dəyişir və strateji mövqelərin Aİ-nin ortaq xarici siyasəti ilə uyğunlaşdırılması tərəfdaşlarımız, o cümlədən Ermənistan üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin Aİ qərarları ilə uyğunlaşma səviyyəsi hazırda 37%-dir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar Aİ üçün sərtdir, lakin buna baxmayaraq, tərəfdaşlarımızdan da bunu istəyirik”, - deyə o bildirib.
Bəs Ermənistan Aİ-nin bu çağırışını necə qəbul edəcək?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Fəqani Məhərrəmli bildirib ki, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi Ermənistanı yeni tərəfdaşlar qazanmağa sövq edir:

“Artıq xeyli müddətdir ki, Ermənistan Aİ ilə strateji tərəfdaşlıq çərçivəsində danışıqlar aparır. Bu danışıqlar Ermənistandan daha çox Avropa İttifaqının işinə yarayır. 44 günlük savaşdan sonra Rusiya kimi Aİ də regionda təsir imkanlarını önəmli ölçüdə itirdi. Azərbaycanın tam müstəqil siyasət yeritməsi, Gürcüstanın isə Aİ ilə problemlər yaşaması avropalıları Ermənistandan möhkəm yapışmağa vadar edir. Amma istənilən halda Ermənistanın uzun zamandan bəri Rusiyanın aləti olmaqdan çıxaraq Avropaya yönəlməsi özü-özlüyündə müsbət hadisədir və bir ölkə olaraq Azərbaycanın da maraqlarına uyğundur”.
Ekspert gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərini xatırladıb. O qeyd edib ki, bu seçkilər Ermənistanın və regionun gələcəyi ilə bağlı vacib geosiyasi elementləri özündə ehtiva etdiyi üçün seçkilərə kənar müdaxilələrin olması da mümkün ehtimallar arasındadır:
“Avropa İttifaqı bu seçkilərdə “Vətəndaş Müqaviləsi” partiyasının və Baş nazir Nikol Paşinyanın qalib gəlməsində maraqlı tərəfdir. Odur ki, seçkilərədək Ermənistan–Aİ münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək. Aİ bu konteksdə Ermənistana 15 milyon avro məbləğində yardım edəcəyini də bəyan edib ki, bu da hakim partiyanın seçkidə səslərini qoruması baxımından yaxşı rəqəmdir”.
Fəqani Məhərrəmli Ermənistanın Aİ-nin təsiri və ya təzyiqi ilə Rusiyaya qarşı hansısa addımlara sövq edilə biləcəyini mümkün hesab edir, lakin bunun bir faydasının olacağını düşünmür:
“Belə ki, Cənubi Qafqazın strateji fəaliyyətini artıq beş ildir ki, Azərbaycan müəyyənləşdirir. Yəni kimin nəyə qoşulub-qoşulmayacağı Azərbaycanın rəyindən asılıdır”.
Qiymət Mahir
tag: Aİ,Ermənistan,Rusiya,Cənubi Qafqaz,Todaypress.tv,
