BƏƏ-nin Azərbaycana ikinci səfəri: İqtisadi və siyasi əməkdaşlıq genişlənir

Təhlil

18.09.2025 15:47

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Azərbaycanda rəsmi səfərdə olub. 

Azərbaycan Prezidenti İlham Əliyev həmkarını Qarabağda qarşılayıb və Şuşada təkbətək, çoxtərəfli görüşlər keçirilib.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin qısa müddətdə ikinci dəfə Azərbaycana səfər etməsini şərh edib.

O bu görüşün iki ölkə arasında sıx dostluq və mehriban qonşuluq münasibətlərinin göstəricisi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Bakı və Əbu-Dabi beynəlxalq məsələlərə eyni prizmadan yanaşır, dövlətlərin daxili işlərinə qarışmama və beynəlxalq hüququn işləməsi prinsiplərini müdafiə edir.

"BƏƏ öz iqtisadi inkişafında mühüm uğurlar qazanıb və Azərbaycan da işğaldan azad edilmiş torpaqlara böyük resurslar yönəltdikdən sonra iqtisadi inkişafı prioritetə çevirib. İndi əsas vəzifə iqtisadiyyatın gücləndirilməsidir. Bu sahədə biz Əmirliklərin təcrübəsindən yararlanmaq, qarşılıqlı layihələr və investisiya təşəbbüslərini həyata keçirmək niyyətindəyik".

Aydın Mirzəzadə əlavə edib ki, dövlət başçıları arasındakı dostluq münasibətləri əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir və son səfər bu əlaqələri yeni sahələrdə də inkişaf etdirəcək.

Qeyd edək ki, bu səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə" də daxil olmaqla, 14 sənəd imzalanıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aydın Mirzəzadə,Deputat,BƏƏ,Azərbaycan,Todaypress.tv,

photo