ŞƏT-də "Şanyax ruhu"na zidd addım: "Hindistan özünə zərbə vurdu"
Təhlil
02.09.2025 15:27
"Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə veto qoyması çoxtərəfli diplomatiya və “Şanxay ruhu” prinsiplərinə ziddir".
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O bildirib ki, “Şanxay ruhu” prinsipləri ikitərəfli mübahisələrin çoxtərəfli platformalara daşınmasını yolverilməz sayır. Buna baxmayaraq, Hindistan ŞƏT-in əsas prinsiplərinin əksinə gedərək növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirdi.
Analitik Hindistanın Azərbaycana qarşı münasibətində ölkəmizin Pakistanla sıx əlaqələrinin də mühüm rol oynadığını vurğulayıb:
"Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyən Azərbaycana qarşı uzun müddətdir həm gizli, həm də açıq müstəvidə təzyiq göstərən Nyu-Dehlinin Ermənistanı müdafiə etməsi və bu ölkəyə silah-sursat ötürməsi də bunun bariz sübutudur. Lakin problem ondadır ki, Hindistanın bu qisasçı mövqeyi ŞƏT platformasına daşıması yalnız Azərbaycanın deyil, həm də özünün, eləcə də müttəfiq hesab etdiyi Ermənistanın maraqlarına, eləcə də Azərbaycanın təşkilata üzvlüyündən faydalanacaq digər ŞƏT ölkələrinin maraqlarına zərbə vurur. Birincisi, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın təşkilata üzvlüyü ŞƏT üçün, o cümlədən Hindistanın özü üçün əlavə imkanlar yarada bilərdi. İkincisi, Hindistan yaxşı bilməli idi ki, Ermənistanın təşkilata üzvlüyünün yolu da Azərbaycanın qəbulundan keçir. Nəhayət, Hindistan nəzərə almalı idi ki, Rusiya və İranla birgə əsasını qoyduğu və özü üçün böyük əhəmiyyət daşıyan Şimal–Cənub nəqliyyat dəhlizi məhz Azərbaycan ərazisindən keçir. Lakin Nyu-Dehli anti-Azərbaycan mövqeyini davam etdirərək bütün bunları hesaba qata biləcək uzaqgörənlik nümayiş etdirmədi".
R.Bayramovun qənaətincə, Hindistanın bu qərarının arxasında dayanan digər səbəb isə Azərbaycanın Çinlə inkişaf edən münasibətləridir. Çinin “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Azərbaycanın Orta dəhlizdə oynadığı aktiv rolu yaxşı bilən Nyu-Dehli bu mövqeyi ilə, əslində, həm də Çinin maraqlarına qarşı çıxmış oldu. Hindistanın son sammitdə “Bir Kəmər, Bir Yol” layihəsinə qarşı sərgilədiyi mənfi mövqe də bunu təsdiqləyir.
"Bütün bunlara baxmayaraq, Hindistanın atdığı addımlar nə Azərbaycanın ŞƏT üzv və tərəfdaşları ilə münasibətlərinə, nə də Pakistan və Çinlə ikitərəfli əlaqələrinə hər hansı mənfi təsir göstərəcək. Əksinə, Hindistanın bu davranışı artıq kifayət qədər möhkəm olan Azərbaycan–Pakistan və Azərbaycan–Çin münasibətlərini daha da gücləndirəcək", - ekspert əlavə edib.
Qeyd edək ki, Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini yenidən bloklayıb.
Qiymət Mahir
tag: Rəşad Bayramov,Politoloq,ŞƏT,Hindistan,Azərbaycan,Todaypress.tv,
