Tel-Əviv bu hədəfinə çatsa, İran ən ağır şərtləri qəbul edəcək... – ŞƏRH
Təhlil
17.06.2025 11:59
"İran İraqla 8 il savaşda bu qədər general itirməmişdi".
TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu barədə öz “Facebook” hesabında yazıb.
O, İsrailin Tehranın mərkəzində yerləşən hərbi qərargaha hava zərbəsi endirərək İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmanini öldürməsini belə şərh edib.
"Müharibənin başlamasından cəmi dörd gün keçsə də, İran ordusunun və SEPAH-ın komandanlığı məhv edilib, onlarla general öldürülüb. İsrailin hansısa yüksək rütbəli hərbçisinin öldürüldüyü barədə məlumat yoxdur. İran İraqla 8 il savaşda bu qədər general itirməmişdi. Aydındır ki, İsrail İrana qarşı müharibədə texnoloji üstünlüklərindən istifadə edir. Buna baxmayaraq, müharibədə döyüşən tərəflərdən biri orduya komandanlıq edənlərin böyük əksəriyyətini itirirsə, vəziyyətdən çıxış yolları axtarmalıdır".
Ekspert düşünür ki, İsrail hazırda İranın Ali Rəhbəri Seyid Əli Xameneinin "ovuna" çıxıb:
"Tel-Əviv bu hədəfinə də çatarsa, İran müharibəni dayandırmaq üçün ən ağır şərtləri qəbul etmək məburiyyətində qala bilər. İsrail qırıcı təyyarələri İran səmasında azad hərəkət edirlər. İran İsrailə yalnız raket zərbələri endirə bilir, hərbi təyyarələri havaya qalxa bilmir. Digər tərəfdən müharibəni davam etdirmək üçün kifayət qədər raket komplekslərinə malik olmalısan. İran əlindəki arsenalla müharibəni hələ nə qədər davam etdirə bilər?!"
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri İran ərazisinə həyata keçirdiyi gecə hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının rəhbəri Əli Şadmanini zərərsizləşdirdiyini açıqlayıb. Əli Şadmaninin İran ordusunun ən yüksək rütbəli komandirlərindən biri olduğu bildirilir.
Qiymət Mahir
tag: Elxan Şahinoğlu,Politoloq,İsrail,İran,Todaypress.tv,
