BQXK-yə ehtiyac qalmadı, çünki... - DETALLAR

Təhlil

03.09.2025 16:52

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə ehtiyac qalmadığı və onun bağlanmasının vacibliyi barədə hökumət bir müddət əvvəl məlumat vermişdi". 

Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, təşkilatın missiyası münaqişə zonalarında yaralıların, əsirlərin və girovların hüquqlarını qorumaq, onlarla işləmək kimi humanitar məsələləri əhatə etməli idi.   

Lakin BQXK bu öhdəliklərini yerinə yetirə bilmədi. Hətta Bakını məlumatlandırmadan Xankəndində nümayəndəlik açdı, ağır cinayətlərdə ittiham olunan separatçı liderləri açıq şəkildə müdafiə etməyə başladı. Azərbaycanın etirazlarına məhəl qoymayan qanunsuz fəaliyyətini davam etdirdi.

"Artıq müharibə başa çatıb. Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar və dialoq mövcuddur. Ölkədə əsir, girov və yaralılar yoxdur. Bu halda BQXK-nın Azərbaycanda nümayəndəliyinin qalmasına da ehtiyac yoxdur. Əslində, münaqişə dövrlərində belə təşkilat öz fəaliyyətini lazımi səviyyədə həyata keçirməmişdi. Minlərlə azərbaycanlı itkin və əsirin sonrakı taleyi ilə maraqlanmadı. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə minaların və digər partlayıcı qurğuların təmizlənməsi prosesində də təşəbbüs göstərmədi", - deyə Ə.Orucov əlavə edib.

Bütün bunlara görə, ekspert BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin dayandırılmasını labüd hesab edir.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Hökumətinin qərarı ilə 3 sentyabr 2025-ci il tarixindən ölkəmizdəki nümayəndəliyini bağlayır.

Qiymət Mahir

TodayPress TV

tag: BQXK,Təşkilat,Girov,Azərbaycan-Ermənistan,Todaypress.tv,

photo