Vaşinqton Cənubi Qafqazdakı proseslərdən kənarda qalmaq istəmir – ŞƏRH
Təhlil
09.07.2025 16:31
“ABŞ-nin Azərbaycanla sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün Ermənistana təzyiqləri artırması əslində “mən də varam” mesajıdır və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən kənarda qalmaq istəmədiyini göstərir”.
Politoloq Tural İsmayılov bunu ABŞ dövlət katibi Marko Rubionun məsələ ilə bağlı çıxışını TodayPress TV-yə şərh edərkən deyib.
Bildirib ki, bu çıxış təsadüfi deyil:
“Bu, bölgədə baş verən sülh prosesində Amerikanın birbaşa tərəf olduğunu göstərmək istəyidir. ABŞ əvvəllər Brüssel prosesi ilə paralel şəkildə Vaşinqton görüşlərini təşkil etmiş, lakin son aylarda təşəbbüsü daha çox Avropa İttifaqı və Rusiya ələ almışdı. İndi isə Vaşinqton Ermənistan-Azərbaycan sülh gündəminin tam kənarında qalmaqdan narahatdır və bu cür bəyanatlarla yenidən masaya dönmək istəyir.
ABŞ sülh müqaviləsinin texniki detalları və atəşkəsin qorunmasında hansısa “çətir” roluna iddialıdır. Lakin bölgədə yeni reallıqlar – Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası, regional kommunikasiya məsələləri Rusiya-Türkiyə xəttində daha çox müzakirə olunurdu”.
T. İsmayılov açıqlamasında qeyd edib ki, Vaşinqton üçün bu prosesdə qalmaq həm geosiyasi mövqe, həm də İran, Rusiya və Çinə qarşı bir balans yaratmaqdır:
“ABŞ bu səbəbdən də sülh prosesində iştirakını daha çox diplomatik simvolizm vasitəsilə qorumağa çalışır. Bu isə bəzən real təsirdən çox, siyasi vitrin effekti yaradır. Bütün hallarda, əgər yekun sənəd imzalanacaqsa, ABŞ bu prosesdə onun da imzasının hiss olunmasını istəyir. Amma real təsir gücü indi əvvəlki illərə nisbətən zəifləyib".
Qeyd edək ki, Ermənistanın "Hraparak" nəşri yazıb ki, ABŞ sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün Ermənistana təzyiqləri artırıb. ABŞ Dövlət katibi Marko Rubio isə bildirib ki, Ağ Ev Azərbaycan və Ermənistan arasında yaxın gələcəkdə sülh anlaşmasının imzalanmasını gözləyir.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,ABŞ,Cənubi Qafqaz,Todaypress.tv,
