Rusiyanın "İqtisadi Qandalları" sındırılır: Ruslar üçün şərtlər sərtləşdirildi

Təhlil

23.12.2025 17:01

Avropa İttifaqının Rusiyanı çirkli pulların yuyulması üzrə yüksək riskli ölkələr siyahısına daxil etməsindən sonra Ermənistan və Serbiyada bəzi banklar Rusiya vətəndaşlarının hesabları üzərində nəzarəti sərtləşdirib. Hüquqşünasların məlumatına görə, yeni tələblər Rusiya ilə əlaqəsi olan həm fiziki, həm də hüquqi şəxslərə şamil olunur. Eyni proses Tacikistan, Qazaxıstan və Oman banklarında da müşahidə edilir. Siyasət dəyişikliyi dekabr ayında və Avropa Komissiyasınin qərarı fonunda baş verib.

Bəs  İrəvanın maliyyə qapılarını ehtiyatla bağlaması Moskva üçün hansı siyasi siqnaldır? Eyni zamanda Ermənistan üçün hansı risklər formalaşa bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elxan Şahinoğlu bildirib ki,  Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan asılılığı azaltmaq istəyir:

 

"Baş nazir Paşinyanın siyasəti ondan ibarətdir ki, Ermənistan bütün istiqamətlər üzrə – siyasi, iqtisadi və hərbi sahələrdə – Rusiyadan asılılığını tədricən azaltsın.

Uzun illər ərzində Ermənistanın iqtisadi infrastrukturu faktiki olaraq Rusiyanın nəzarətinə keçib: fabrik və zavodlar satılıb, dəmir yolları Ermənistanın deyil, Rusiya kapitallı strukturların nəzarətindədir. Hərbi sahədə Rusiya bazaları ölkədə yerləşir, sərhədlərin qorunmasında Rusiya əsas rol oynayır, enerji təminatı isə əsasən Rusiya qazından asılıdır".

Analitik qeyd edib ki, Paşinyan alternativ maliyyə mənbələri axtarır: 

"Buna baxmayaraq, Paşinyan hökuməti bu asılılığı mərhələli şəkildə azaltmağa çalışır və artıq müəyyən nəticələr də əldə olunur. İndi proses iqtisadi və maliyyə müstəvisində də davam etdirilir: Rusiya kapitalından və maliyyə resurslarından asılılığın azaldılması üçün alternativ mənbələr axtarılır. Ermənistan müxtəlif dövlətlərlə əməkdaşlığı genişləndirir, beynəlxalq kreditlərə və investisiyalara cəlb olunur. Xüsusilə 8 avqustdan sonra ABŞ tərəfindən investisiya marağının artması diqqət çəkir. Avropa İttifaqı da Ermənistana maliyyə dəstəyi göstərir, Birləşmiş Ərəb Əmirlikləri isə Azərbaycanla yanaşı Ermənistana da investisiya yatırır".

O, hesab edir ki, bu siyasət, Ermənistanda Rusiyaya bağlı şovinist dairələrin maraqlarına uyğun deyil. Həmin çevrələr Ermənistanın siyasi, iqtisadi və hərbi baxımdan Rusiyadan tam asılı vəziyyətdə qalmasını istəyirlər. Lakin Paşinyan alternativləri fəallaşdırmaqda israrlıdır.

Elxan Şahinoğlu sonda əlavə edib ki, sülh Rusiyadan asılılığı azalda bilər:

"Gələcək perspektivdə enerji və ticarət sahəsində də yeni imkanlar nəzərdən keçirilir. Məsələn, indiyədək Rusiyadan alınan bir sıra enerji resurslarının alternativ mənbələrdən təmin edilməsi mümkündür. Azərbaycanla sülh müqaviləsi imzalandıqdan və Cənubi Qafqazda yeni əməkdaşlıq formatı formalaşdıqdan sonra Ermənistanın Rusiyadan asılılığının daha da azalacağı ehtimal edilir".

Jalə Rövşən

TodayPress TV

tag: Elxan Şahinoğlu,Politoloq,Rusiya,İqtisadiyyat,Todaypress.tv,