Hikmət Babaoğlu: "Azərbaycan qlobal dəyərlərə sadiqliyini bir daha göstərdi"

Təhlil

02.09.2025 15:37

"Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin yaradılması zamanı Pakistan Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə məsləhətləşməsi, hər şeydən əvvəl, Pakistan–Azərbaycan qardaşlıq münasibətlərinin göstəricisi kimi qəbul edilməlidir. Bu addım eyni zamanda Azərbaycanın ciddi beynəlxalq nüfuzunun təzahürü kimi də dəyərləndirilməlidir".

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, Pakistanın Ermənistanla indiyədək münasibət qurmamasının əsas səbəbi bu ölkənin işğalçı dövlət olması idi. Azərbaycan isə işğal faktını aradan qaldırdı, istədiyi şərtlər əsasında Ermənistanla sülh prosesində ciddi nəticələr əldə etdi və sülh sənədini parafladı. Nüfuzlu dövlət kimi Azərbaycan qardaş Pakistanla razılığa gəldi ki, bu ölkə Ermənistanla diplomatik əlaqələr qura bilsin.

Parlamentari bu kontekstdə bəzi böyük dövlətlərin, xüsusilə Hindistanın destruktiv mövqe sərgiləyərək Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın üzvlüyünü bloklamasına təəssüf edib:

"Dövlətlərin böyüklüyü və kiçikliyi ərazi və əhali göstəricilərinə görə deyil, beynəlxalq münasibətlər sistemində davranışlarına və proseslərə təsir imkanlarına görə müəyyən olunur. Azərbaycan məhz böyük dövlət kimi davranaraq ciddi mövqe nümayiş etdirdi və nəticədə Pakistan ilə Ermənistan arasında diplomatik əlaqələrin yaradılması barədə razılaşma əldə olundu. Bu fakt bir daha göstərir ki, Azərbaycan qlobal və universal dəyərlərə, həmçinin klassik diplomatik ənənələrə sadiq qalan ölkədir".

Qeyd edək ki, Pakistanın Ermənistanı tanıması, tərəflər arasında diplomatik münasibətlərin qurulması istiqamətində mühüm addım atılıb.

Belə ki, avqustun 31-də Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshak Dar ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike imzalayıblar.

Bildirilib ki, Pakistan Ermənistanla diplomatik münasibətləri qurmağa Azərbaycanla məsləhətləşmədən sonra başlayıb.

Qiymət Mahir

tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,Qlobal dəyər,Todaypress.tv,