Bakının Ukrayna münaqişəsi ilə bağlı DƏYİŞMƏZ MÖVQEYİ: “Müharibənin tərəfi deyilik!”

Təhlil

22.08.2025 15:29

“Azərbaycanın Ukraynaya silah verməsinə ehtiyac yoxdur”. 

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan münaqişənin tərəfi deyil və rəsmi Bakı bu məsələdə neytral və balanslı mövqe tutur:

“Azərbaycanın Ukraynaya silah verməsinə ehtiyac yoxdur. Bu funksiyanı Avropa ölkələri və ABŞ yerinə yetirir. Azərbaycan nə hərbi, nə də siyasi baxımdan bu münaqişənin iştirakçısı deyil və olmaq da istəmir”.

Analitik əlavə edib ki, Azərbaycan hazırda Rusiya ilə açıq konfliktə getmək istəmir. Cənubi Qafqazda Azərbaycanın apardığı müstəqil siyasət, xüsusilə Ermənistanla sülh müqaviləsinin paraflanması və Zəngəzur dəhlizi məsələsində Rusiyanın proseslərdən kənarda qalması Moskvanın Bakıya qarşı müəyyən təzyiqlərinə səbəb olur. Bu təzyiqlər SOCAR-a məxsus infrastrukturun hədəfə alınması və digər vasitələrlə özünü göstərib: 

“Lakin bütün bunlar Azərbaycanın mövqeyini dəyişdirməyə qadir deyil. Azərbaycanın Rusiya ilə bağlı siyasəti kifayət qədər aydındır və praqmatik əsaslara söykənir. Eyni zamanda, hazırda Rusiya Ukraynada strateji bataqlığa düşüb və bu vəziyyət onun Cənubi Qafqazdakı təsir imkanlarını da məhdudlaşdırır”.

M.Əsədullazadə sonda diqqətə çatdırıb ki, rəsmi Bakı  Cənubi Qafqazda öz neytrallığını qoruyaraq həm regional sabitliyə, həm də öz milli maraqlarına uyğun siyasət yürüdür. 

Qeyd edək ki, avqustun 10-da Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub. Görüşdə Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna zərbələr endirməsi, həmçinin Odessada SOCAR-ın neft bazasına hücum məsələsi müzakirə edilib.

Ölkə liderləri Rusiya silahlı qüvvələrinin hərəkətlərini qəti şəkildə pisləyiblər. “Caliber”in əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqları istiqamətində təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya silah-sursat tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsinə baxmağa başlaya bilər.

Töhfə Səməd

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Azərbaycan,Ukrayna,Todaypress.tv,

photo