Politoloq: “Belə cəhdlərin ölkəmiz üçün əhəmiyyəti yoxdur”
Təhlil
02.09.2025 17:54
“Prezident İlham Əliyevin Çində keçirilən “ŞƏT plyus” Sammitində iştirakı 2025-ci ilin ən mühüm hadisələrindən biridir”.
Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə şərh edərkən deyib.
O vurğulayıb ki, dövlət başçısının qarşılanması və keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını bir daha nümayiş etdirdi:
“Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Sammit çərçivəsində Prezident İlham Əliyev mühüm ikitərəfli görüşlərdə iştirak edərək həm regionu, həm də dünyanı maraqlandıran bir çox məsələləri müzakirə etdi”.
Analitikin sözlərinə görə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük istəyi hələlik reallaşmayıb. Bundan əvvəl olduğu kimi, bu dəfə də Hindistan Azərbaycanın təşkilata qəbulunun qarşısını aldı. Hazırda ölkəmiz ŞƏT-də dəvət olunmuş qonaq statusunda qalır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın təşkilata üzv dövlətlərlə ikitərəfli münasibətləri yüksək səviyyədədir.
“Azərbaycan ilə ŞƏT ölkələri arasında ticarət dövriyyəsi artmaqda davam edir. Hindistan nə qədər maneə törətməyə çalışsa da, gec-tez bu mövqeyindən əl çəkməli olacaq. Prezident İlham Əliyev sammitdəki çıxışında da göstərdi ki, belə cəhdlərin ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan iqtisadi inkişafını davam etdirir və ikitərəfli əlaqələr daha da genişlənəcək”, - deyə A.Səmədov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 1-də Çində keçirilən “ŞƏT plyus” Sammitində iştirak edib.
Aysel Mətləb
tag: Abutalıb Səmədov,Politoloq,Prezident,İlham Əliyev,ŞƏT plyus,Todaypress.tv,