“Bu yol onu seçkilərə apara bilər” — Sarkozinin həbsi Fransanı SİLKƏLƏDİ!

Təhlil

23.10.2025 18:26

Məlum olduğu kimi, Fransanın keçmiş prezidenti Nikola Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib. O, mərhum Liviya lideri Müəmmar Qəddafidən aldığı vəsaitlə seçki kampaniyasını maliyyələşdirmək məqsədilə sui-qəsddə iştirak etməkdə ittiham olunur. Bu qərarla Sarkozi Fransa tarixində həbsxanaya düşən ilk keçmiş prezident kimi yadda qalıb.


Həm dünya mediası, həm də Fransa ictimaiyyəti və sənət adamları bu hadisəni “biabırçılıq” kimi qiymətləndiriblər.

Bəs baş verən bu hadisə Fransa siyasi sistemi üçün nə ifadə edir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadə bildirib ki, Fransanın 23-cü prezidenti Nikola Sarkozinin həbs olunması və təcridxanaya salınması beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğuran hadisədir:


“Bu, Fransada istisna hal kimi qiymətləndirilir, çünki o, ölkə tarixində həbs olunan yeganə sabiq dövlət başçısıdır. Macarıstan əsilli Sarkozi 2007-ci ildə keçirilən prezident seçkilərini maliyyələşdirmək məqsədilə 2006-cı ildə Liviyanın sabiq lideri Müəmmar Qəddafidən qanunsuz maliyyə yardımı almaqda ittiham olunur. Bu, Fransa qanunlarına əsasən ağır cinayət hesab olunur.

Yaşının 70 olmasına baxmayaraq, onun real həbs cəzasına məhkum edilməsi və təcridxanaya yerləşdirilməsi ölkədə narahatlıq yaradıb. Onsuz da sosial-siyasi gərginlik və hökumət böhranı yaşayan Fransada bu qərar əlavə etiraz dalğasına səbəb olub”.


Siyasətçi olduqca maraqlı faktı vurğulayıb. Onun sözlərinə görə, həbsindən sonra Sarkozinin siyasi nüfuzu yüksəlməyə başlayıb:

“Hazırkı Fransa Prezidenti Emmanuel Makronun reytinqinin enməyə davam etdiyi vaxtda həbs edilməsi sabiq liderin siyasi nüfuzunu yüksəldib. Vəkilləri və bir çox siyasi liderlər hesab edirlər ki, ittihamın müəyyən dərəcədə siyasi motivlər daşıması ehtimalı var. Fransa ictimaiyyətinin bir hissəsi də bu həbsi ədalətsiz sayır və nəticədə Sarkozinin populyarlığı artır. Böyük ehtimalla, vəkilin vəsatətindən sonra onun cəzası ev dustaqlığı ilə əvəz oluna bilər”.

Y.Bağırzadə Fransada hazırda hakimiyyət böhranının davam etdiyini, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ehtimalının gündəmdə olduğundan bəhs edib. O deyib ki, hətta ölkədə Makronun istefası tələbi ilə imza kampaniyaları başlanıb.


“Hazırkı siyasi şəraitdə ifrat sağçıların hakimiyyətə gəlmək şansları yüksəlir. Bu kontekstdə Sarkozinin həbsi, nüfuzunun artması onun gələcəkdə seçkilərdə iştirak etmə və qələbə şansını artırır”.

Qiymət Mahir

TodayPress TV

tag: Yusif Bağırzadə,Fransa,Liviya,Nikola Sarkozi ,Müəmmar Qəddafi,Todaypress.tv,