“TDT+” formatı: Türk Dövlətlərinin beynəlxalq təsir dairəsi genişlənəcək
Təhlil
08.10.2025 18:01
Türk Dövlətləri Qəbələ Bəyannaməsinə əsasən “TDT+” formatının yaradılması barədə qərar qəbul ediblər. Bu, təşkilata yeni tərəfdaş və ya müşahidəçi dövlətlərin qoşulması imkanını yaradacaq.
Bəs “TDT+” formatı nə vəd edir?
Siyasi şərhçi Polad Mehdiyev məsələ ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşündə qəbul olunan Qəbələ Bəyannaməsi təşkilatın yeni mərhələyə qədəm qoyduğunu göstərir:
"Bəyannaməyə əsasən yaradılan “TDT+” adlı format Türk dünyasının gələcək inteqrasiyasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir".
Ekspert qeyd edib ki, TDT+ formatı təşkilata üzv olmayan, lakin əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların bu platformaya qoşulmasına imkan verəcək:
“Artıq TDT təkcə Türk dövlətlərini birləşdirən birlik kimi deyil, həm də regional və beynəlxalq tərəfdaşları öz ətrafında toplayan geniş koalisiyaya çevrilir. Bu, Türk dünyasının beynəlxalq təsir dairəsini genişləndirəcək, təşkilata əlavə diplomatik və iqtisadi imkanlar qazandıracaq”.
“Texnoloji və təhlükəsizlik sahələrində genişmiqyaslı tərəfdaşlıqlar qurmaq imkanı əldə edəcəklər”
Polad Mehdiyevin fikrincə, yeni format TDT-nin daha açıq, çevik və çoxşaxəli əməkdaşlıq modelinə keçidini təmin edəcək:
“Beləliklə, Türk dövlətləri təkcə ortaq tarix və mədəniyyət əsasında deyil, həm də iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində genişmiqyaslı tərəfdaşlıqlar qurmaq imkanı əldə edəcəklər. Eyni zamanda TDT+ formatı yeni resursların, investisiyaların və beynəlxalq təcrübənin Türk coğrafiyasına cəlb edilməsinə şərait yaradacaq”.
“Azərbaycan Türk dövlətləri arasında iqtisadi və siyasi inteqrasiyanın təşəbbüskarı kimi çıxış edir”
Analitik vurğulayıb ki, bu qərarın qəbul edilməsində Azərbaycanın rolu xüsusilə əhəmiyyətlidir:
"Qəbələ Zirvəsinin yüksək səviyyədə təşkili, müzakirələrin istiqamətinin müəyyənləşdirilməsi və TDT+ ideyasının formalaşmasında Prezident İlham Əliyevin liderliyi həlledici rol oynayıb. Azərbaycan uzun müddətdir Türk dövlətləri arasında iqtisadi və siyasi inteqrasiyanın təşəbbüskarı kimi çıxış edir və bu dəfə də yeni platformanın əsas memarlarından biri olub. Azərbaycan üçün TDT+ həm diplomatik imkanların genişlənməsi, həm də enerji, nəqliyyat və təhlükəsizlik sahəsində regional layihələrin daha geniş əməkdaşlıq çərçivəsində reallaşdırılması deməkdir. Bakı bu format vasitəsilə həm Orta Asiya ilə əlaqələrini dərinləşdirəcək, həm də Avropa və Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirəcək. Prezident İlham Əliyevin təşəbbüskarlığı və siyasi uzaqgörənliyi nəticəsində TDT yeni mərhələyə daxil olur. Qəbələdən verilən bu mesaj açıqdır: Türk dünyası daha geniş və güclü əməkdaşlıq modeli ilə beynəlxalq sistemdə öz yerini möhkəmləndirməyə başlayır. TDT+ formatı həm Türk dövlətlərinin birliyini dərinləşdirəcək, həm də regionda sabitlik və inkişaf üçün yeni imkanlar yaradacaq”,- o fikrini sonlandırıb.
Jalə Rövşən
tag: Polad Mehdiyev,Siyasi şərhçi,TDT+,Format,Todaypress.tv,
