Azərbaycan regionun liderinə çevriləcək - Polkovnik AÇIQLADI

Təhlil

08.08.2025 16:29

“Bu layihənin reallaşması Azərbaycan iqtisadiyyatına milyardlarla gəlir gətirə bilər”. 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov bunu ABŞ-də baş tutacaq üçtərəfli görüşün əhəmiyyətini TodayPress TV-yə şərh edərkən bildirib. 

O vurğulayıb ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.  

“Avqustun 8-də Vaşinqtonda keçiriləcək üçtərəfli görüş tarixi əhəmiyyət daşıyır. Artıq 30 ildən çoxdur ki, Azərbaycan və Ermənistan arasında müharibə davam edir. Bu görüş sülh sazişinin imzalanması üçün doğru bir addımdır. Lakin Ermənistan tərəfi Azərbaycanın tələblərini yerinə yetirməlidir”.  

Polkovnik, ən vacib məsələlərdən biri kimi ATƏT-in Minsk Qrupunun ləğv olunmasına da reaksiya verib. O bildirib ki, bu qurum fəaliyyət göstərdiyi illər ərzində heç bir konstruktiv addım atmayıb, əksinə, Azərbaycanla Ermənistan arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olub. 

“Azərbaycanın əsas tələblərindən biri Naxçıvana quru yolunun açılmasıdır. Bu addım Naxçıvan iqtisadiyyatını gücləndirməklə yanaşı, Bakı-İstanbul hava reysinin uçuş müddətini də qısaldacaq. Qaz, neft və digər infrastruktur kəmərlərinin həmin ərazidən keçməsi isə İpək Yolunun yenidən canlanmasına şərait yaradacaq”, - deyə hərbi ekspert diqqətə çatdırıb. 

Onun fikrincə, sülh müqaviləsi həm Azərbaycan, həm də Ermənistan üçün faydalı olacaq: 

“Təbii resurs baxımından zəif olan Ermənistan üçün də bu layihə mühüm imkanlar yaradacaq. Azərbaycan isə Xəzər dənizindən, Zəngəzur dəhlizindən və digər logistika xətlərindən böyük gəlir əldə edəcək. Bu razılaşma tezliklə imzalanarsa, Azərbaycan heç kəsdən asılı olmayacaq”. 

Ekspert bildirib ki, həm cənub, həm də şimal qonşularımız ABŞ-nin bu prosesdə iştirakından narahatdır. Azərbaycan tərəfi isə danışıqların birbaşa ABŞ ilə aparılmasını Prezident İlham Əliyevin mühüm diplomatik uğuru kimi qiymətləndirir. 

R.Məhərrəmovun sözlərinə görə, layihə türk və digər Asiya dövlətlərinə yeni imkanlar yaradacaq. Azərbaycanın bu ölkələrlə əlaqələrinin genişlənməsi bizə həm iqtisadi, həm də siyasi baxımdan mühüm üstünlüklər qazandıracaq. 

Qeyd edək ki, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək 

Aysel Mətləb

tag: Rövşən Məhərrəmov,Polkovnik,Azərbaycan,Region,Todaypress.tv,

photo