"Diplomatik korpus hərəkətə keçməsə..." — Əsir düşən azərbaycanlılar ARTIR

Təhlil

15.12.2025 15:58

Məlumatlara görə, son günlərdə Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə məlumatların sayı artıb. Hətta bildirilir ki, Rusiyada miqrant həyatı yaşayan azərbaycanlılar işğalçı müharibədə iştirak edirlər.


Maraqlıdır, Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə hansı addımları atmalıdır?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Bakir Həsənbəyli bildirib ki, on illər ərzində formalaşdırılan “məğlubedilməz rus ordusu” imici Ukrayna–Rusiya müharibəsinin elə ilk aylarında tam şəkildə fiaskoya uğrayıb:


“Bu müharibə Rusiya hakimiyyətinin və dövlətinin real mahiyyətini açıq şəkildə ortaya çıxardı. Ümumiyyətlə, 2020-ci ildə COVID-19 adlı süni pandemiya ajiotajı ilə dünya dövlətlərinin əvvəlcə iqtisadi, 2022-ci ildən etibarən isə hərbi imkanları test olunur. Bu resurslar yeni dünya düzənində həmin dövlətlərin tutacağı yeri müəyyən edən əsas amillərdir”.

Ekspert qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi Moskvanın bütün iddialarına baxmayaraq, hərbi potensialının real imkanlarla uzlaşmadığını nümayiş etdirdi:

“Müharibədən əvvəl müxtəlif ölkələrə silah satışı ilə bağlı 60 milyard dollarlıq portfelə malik olduğunu iddia edən Rusiya, nəticə etibarı ilə, 50 ilə yaxın sanksiyalar altında yaşayan İrandan, hətta Şimali Koreyadan silah almaq məcburiyyətində qaldı. Bu fakt Rusiyanın uzunmüddətli və genişmiqyaslı müharibəyə hazır olmadığını açıq şəkildə göstərir”.

B.Həsənbəyli vurğulayıb ki, oxşar problemlər insan resursları sahəsində də müşahidə olunur:

“Rusiyanın özünün etiraf etdiyi rəqəmlərə görə, hazırda ön cəbhədə 18 min nəfər muzdlu döyüşçü vuruşur. Bu yalnız Rusiya Müdafiə Nazirliyi ilə rəsmi müqaviləsi olan xarici döyüşçülərdir. Bundan əlavə, Rusiya polisi tərəfindən küçələrdən məcburi şəkildə, müxtəlif təzyiqlərlə döyüşə göndərilən şəxslər də var. Bu amil real rəqəmlərin daha da böyük olduğunu göstərir”.


Politoloqun sözlərinə görə, həmin şəxslər arasında miqrant kimi Rusiyada yaşayan azərbaycanlılar da mövcuddur:

“Azərbaycan ictimaiyyəti ölən, yaralanan və ya əsir düşən həmyerlilərimizlə bağlı kifayət qədər məhdud məlumata malikdir. Rusiya tərəfi də bu məlumatların açıqlanmasında maraqlı deyil. Bir tərəfdən bu, dövlətin imici ilə, digər tərəfdən isə yaralı və ölən döyüşçülərə kompensasiyaların ödənilməsi ilə bağlıdır”.

Ekspert əlavə edib ki, hazırda Rusiyada bu problemlə sistemli şəkildə məşğul olan diaspor təşkilatları faktiki olaraq fəaliyyət göstərmir:

“Bu təşkilatların bir çox rəhbərləri müxtəlif uydurma ittihamlarla ya həbs olunub, ya da vətəndaşlıqdan çıxarılaraq deportasiya edilib. Rusiyanın özü tərəfindən formalaşdırılan və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən “diaspor rəhbərlərindən” isə obyektiv və vicdanlı mövqe gözləmək absurddur”.

Bakir Həsənbəylinin fikrincə, mövcud vəziyyətdə təşəbbüs Azərbaycanın Rusiyadakı diplomatik korpusundan gəlməlidir:


“Bu missiyanı Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəlikləri öz üzərinə götürməlidir. Eyni zamanda, Azərbaycan XİN-lə Rusiya XİN arasında bu istiqamətdə davamlı və sistemli məlumat mübadiləsi aparılmalıdır. Əks halda, iş dalınca Rusiyaya üz tutmuş hələ çox sayda soydaşımızla bağlı ölüm, yaralanma və ya əsir düşmə xəbərləri ilə üzləşəcəyik. Ən optimal variant isə onların ölkəyə qaytarılması və Qarabağın quruculuq prosesinə cəlb olunmasıdır”.

Qiymət Mahir

TodayPress TV

tag: Bakir Həsənbəyli,Politoloq,Ukrayna,Azərbaycanlılar,Todaypress.tv,