Millət vəkili: “Rusiya təzyiq və təhdid dili ilə çıxış edir”
Təhlil
18.07.2025 14:46
“Rəsmi Bakı hər zaman qonşuluq əlaqələrinin yüksək səviyyədə olmasına xüsusi diqqət və qayğı ilə yanaşıb. 2022-ci ilin fevralında da bu əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün konkret addımlar atılıb. Bütün bunlara baxmayaraq, Rusiya tərəfi son hadisələrdə fərqli mövqe sərgiləyərək təzyiq və təhdid dili ilə çıxış edir. Xüsusilə, AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra Rusiya üzrxahlıq etmək və cinayətkarları cəzalandırmaq əvəzinə Azərbaycana qarşı müxtəlif təzyiq alətlərini işə salmağa başlayıb. Son günlərdə isə Azərbaycan diasporasının və Yekaterinburqdakı nümayəndələrinin Rusiyada sıxışdırılması, onlara qarşı təhdidlərin və zorakılıqların artması, iki ölüm hadisəsinin qeydə alınması, həmçinin nümayəndəlik rəhbəri Şahin Şıxlinskinin beynəlxalq axtarışa verilməsi və oğlunun iki ay müddətinə həbs olunması siyasi motivli addımlar kimi qiymətləndirilməlidir”.
Milli Məclisin deputatı Elman Nəsirov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, son zamanlar Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərdə yaranan gərginliyə görə əsas məsuliyyət Rusiya tərəfinin üzərinə düşür.
Millət vəkili diqqətə çatdırıb ki, Rusiya tərəfi bütün bu prosesləri daxili iş kimi təqdim edərək, məsələyə müdaxilə edilməməli olduğunu iddia edir. Halbuki bu, tamamilə yalandır və həqiqətin təhrif olunmasıdır.
“Bu, münasibətlərdə yeni təhlükəli çatların yaranmasına səbəb ola bilər”, - deyə o bildirib.
Deputat sonda vurğulayıb ki, gərginlik regionda Rusiyanın maraqlarına da zərbə vura bilər.
Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.
Xatırladaq ki, bundan əvvəl Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ş.Şıxlinskinin oğlu Mutvalını iki ay müddətinə həbs edib. Buna səbəb iyulun 1-də “Baku Plaza” yaxınlığında baş verən hadisə olub. Həmin vaxt FTX əməkdaşları avtomobildə olan diaspor rəhbərinə hücum edib. Sükan arxasında olan Mutvalı hücumdan yayınmaq üçün maşını arxaya verəndə güc strukturu orqanın əməkdaşını vurub. O, məhkəmədə sağ tərəfində olan mühafizəçini görmədiyini və baş verənlərdən peşman olduğunu bildirib. Şahin Şıxlinski də bir neçə gün öncə həbs edilmiş oğlu kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.
Töhfə Səməd
tag: Elman Nəsirov,Deputat,Azərbaycan,Rusiya,Todaypress.tv,