“Sülhün açarı bu iki liderin əlindədir” – Fransalı analitik QƏRBİN İÇ ÜZÜNÜ AÇDI

Təhlil

22.08.2025 17:13

“Danışıqlar yalnız ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında aparılır. Nə Ukrayna Prezidenti Volodimir Zelenskinin, nə də Avropa liderlərinin bu prosesdə söz haqqı var”.

Fransalı jurnalist və siyasi şərhçi Jan-Mişel Brun bunu TodayPress TV-yə açıqlamasında deyib.  

O, Trampın Avropa İttifaqı (Aİ) liderləri və Zelenski ilə görüşü zamanı sosial şəbəkələrdə yayılan bir fotoya diqqət çəkib:

“Şəkildə Avropa liderləri sanki sıra ilə oturub başlarını aşağı salmış vəziyyətdə Trampın qəbulunu gözləyirmiş kimi göstərilib. Burada iki məqam üzə çıxır. Birincisi, həmin foto saxtadır, süni intellekt vasitəsilə hazırlanıb və guya Vaşinqtonda keçirilən sammitdə Avropa liderlərinin Tramp qarşısında alçaldılmasını əks etdirmək məqsədi daşıyır.

İkincisi isə belə bir foto hazırlamağa ehtiyac yox idi. Çünki real görüntülər kifayət qədər danışır. Məsələn, Fransa Prezidenti Emmanuel Makronun, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin və digərlərinin Trampın qarşısında sakitcə əyləşməsi, yaxud “dairəvi masa” səhnəsi – burada çıxış edənlərin ardıcıllığını məhz Tramp özü müəyyən edirdi – Amerikanın Avropa qarşısında nümayiş etdirdiyi üstün mövqeyi açıq şəkildə göstərir. Eyni vəziyyət Trampın Azərbaycan və Ermənistan liderləri ilə Qafqazda sülh danışıqları apardığı zaman da müşahidə olunmuşdu. Avropa açıq şəkildə prosesdən kənarda qalmışdı. İndi də bu hal təkrarlanır. Avropa liderləri tez-tez özlərinin strateji təsir imkanlarını vurğulasalar da, bu bəyanatlar real nəticələrdən uzaqdır”.

Jurnalist bildirib ki, Vaşinqton görüşündən sonra Emmanuel Makron özünü Avropa diplomatiyasının öncül siması kimi təqdim etməyə çalışaraq Rusiyaya qarşı sərt ritorikaya əl atıb.

“Guya onun bu mövqeyinin tarixin gedişatını dəyişmək gücü var. Makron “mükafat və cəzaları paylayan hakim”  kimi çıxış edərək belə söyləyib: “Mənim Vladimir Putinin sülh istəməsinə dair böyük şübhələrim var”. Həmçinin əgər Ukrayna üzrə sülh danışıqları uğursuz olarsa, Vaşinqtonu Moskvaya qarşı sanksiyaları artırmağa çağırıb. Üstəlik Ukraynanın gələcək təhlükəsizliyini təmin edəcək planı da təqdim edib: “Bu gün günortadan sonra təhlükəsizlik zəmanətlərinin mahiyyətini açıqladım. Söhbət güclü və hücumları dəf edə biləcək, eyni zamanda qarşı tərəfi çəkindirəcək bir Ukrayna ordusundan gedir. Heç bir məhdudiyyət – nə say, nə imkan, nə də silah baxımından – tətbiq olunmayacaq”.

Donald Tramp isə avropalıların bu istəyinə cavab verib, həm də onların gözlədiyindən də sərt şəkildə: o, lazım gələrsə, hava dəstəyi göstərəcəyini, lakin ABŞ əsgərlərinin Ukraynaya göndərilməyəcəyini açıq şəkildə bildirib. Quru qoşunlarını isə avropalıların göndərməli olduğunu bəyan edib. Beləcə, Avropa nəinki tamaşaçı rolunda qalıb, həm də bir növ bu prosesin aldanmış tərəfinə çevrilib. Makron isə ABŞ ilə birlikdə təhlükəsizlik zəmanətlərinin məzmunu üzərində işləyəcəklərini və hər kəsin öz imkanlarını ortaya qoyacağını açıqlayıb. Buradakı “işləmək” isə əslində ABŞ-dən silah alıb Ukraynaya göndərmək deməkdir. Yəni sülhün maliyyə yükünü Avropa daşıyacaq, qazanan isə ABŞ iqtisadiyyatı olacaq”.

Analitik diqqətə çatdırıb ki, Tramp avropalıların Ukraynaya vermək üçün ABŞ-dən 100 milyard dollar dəyərində silah almalı olduqlarını da təsdiqləyib. Halbuki Avropa artıq 2022–2024-cü illərdə Ukraynaya 72 milyard avro yardım edib. Eyni dövrdə ABŞ-nin yardımı 57,4 milyard dollar təşkil edib.

Ən acınacaqlısı isə odur ki, bu silahlar amerikalı ordunun ödədiyindən 15 dəfə baha qiymətə satılır və əlavə olaraq 10 faiz vergi tətbiq ediləcək. ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, həmin vergi Ukraynanın hava məkanının ABŞ tərəfindən qorunması üçün istifadə olunacaq. 

Brun əlavə edib ki, Ukraynanın təhlükəsizliyi NATO-nun 5-ci maddəsinə bənzər bir mexanizmlə təmin olunmalıdır. Lakin Rusiyanın bu sistemi qəbul edəcəyi sual altındadır. Avropa isə Rusiya ilə birbaşa toqquşmaya getməzdən əvvəl iki dəfə düşünməyə məcburdur.

“Nəticə etibarilə, Ukrayna münaqişəsində ipi çəkənlər yenə də Donald Tramp və Vladimir Putin olacaq. Danışıqlar yalnız onların arasında gedir. Burada nə Zelenskinin, nə də Avropa liderlərinin söz haqqı var. Sülh sazişinin açarı yalnız bu iki supergücün əlindədir. Ona görə də ilk növbədə Ukraynanın NATO-ya üzvlük perspektivi ABŞ tərəfindən açıq şəkildə rədd edildi. 

Digər mühüm məsələ isə ərazi ilə başlıdır. Fransa prezidenti bildirib ki, Ukraynanın Rusiyaya ərazi güzəştlərinə getməsi məsələsi Ağ Evdə keçirilən müzakirələrdə “ümumiyyətlə” gündəmə gəlməyib. Çünki bu, yalnız ABŞ və Rusiya arasında həll ediləcək bir məsələdir və Avropanın iştirakı ilə heç vaxt müzakirəyə çıxarılmayacaq. Hazırda bu mövzu ətrafında ABŞ və Rusiya prezidentləri arasında danışıqlar davam edir”, - deyə fransalı ekspert vurğulayıb.

O, sonda Avropa ilə ABŞ arasındakı münasibətlərin 1970-ci illərdə Henri Kissincerin səsləndirdiyi məşhur sualı xatırlatdığını bildirib:

“Avropa? Hansı telefon nömrəsi ilə?”.

Qiymət Mahir

tag: Jan-Mişel Brun,Fransalı Siyasi şərhçi,Qərb,Ukrayna,Todaypress.tv,

photo