Orta Asiyada TƏHLÜKƏ BÖYÜYÜR: “Taliban” kimdən sifariş alıb?

Təhlil

04.12.2025 17:51

Tacikistanla Əfqanıstan arasında münasibətlər gərginləşib. 

Belə ki, son günlər Əfqanıstan ərazisindən Tacikistana keçən naməlum silahlı qruplar qonşu ölkədə çalışan çinlilərə atəş açıblar. Nəticədə çinli işçilər arasında ölən və yaralananlar var.

Hadisə ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Əfqanıstan hazırda Asiyada, xüsusilə də Orta Asiyada ciddi problemə çevrilməyə başlayıb:


“Bu ölkədə terror təşkilatı kimi qəbul olunan “Taliban”ın hakimiyyətə gəlişi onun aqressiv və təhlükəli addımlar atmasına şərait yaradıb. Son vaxtlar Əfqanıstanın əvvəlcə Pakistana, sonra isə Tacikistana qarşı silahlı terror müdaxiləsi regionda ciddi gərginlik yaradan dövlət kimi diqqət çəkir. Nə qədər qəribə olsa da, baş verən hadisələr arasında ciddi oxşarlıqlar və paralellər mövcuddur. Pakistana qarşı da Əfqanıstanın terrorçu silahlı qruplaşmalarından biri hərbi müdaxilə həyata keçirmişdi. Həm Əfqanıstan ərazisindən, həm də Pakistan daxilində fəaliyyət göstərən “Taliban” silahlı qruplaşmaları Pakistanda ciddi terror aktları törətmişdi. İndi isə oxşar vəziyyət Tacikistanda yaşanır: burada da “Taliban”ın terrorçu qruplaşmaları təxribatlar həyata keçirib.

Ekspert Əfqanıstanın bu terrorçu qruplaşmalarının təxribatlarının Çinlə müəyyən formada, hətta dolayı əlaqəsinin olmasının ehtimal edildiyini deyib:


“Pakistan Çinin strateji tərəfdaşları arasında xüsusi yer tutur və Çinin ən yaxın tərəfdaşına qarşı Əfqanıstanın sərgilədiyi davranışlar “Taliban” rejimi ilə Çin arasındakı münasibətlərin gərginləşə biləcəyini göstərir. Eyni zamanda Tacikistanda “taliban”çı silahlıların çinli işçilərə hücumu da dolayı şəkildə Çinə yönəlmiş təxribat təsiri bağışlayır.

Belə görünür ki, “Taliban” rejimi hansısa beynəlxalq dairələrdən sifariş almış ola bilər. Çünki ABŞ Əfqanıstandan çıxarkən milyardlarla dollar dəyərində müasir hərbi texnikanı Talibana buraxmışdı və bu, Vaşinqtonun Talibanın hərbi gücünün artmasında maraqlı ola biləcəyini göstərirdi. Son dövrdə ABŞ ilə Çin arasındakı münasibətlərin gərginləşməsi və iqtisadi ziddiyyətlər də Pakistan və regionda silahlı toqquşmaların alovlanmasına yönəlik dolayısı təlimatların verilməsi ehtimalını artırır.

Yekunda görünən odur ki, müəyyən qüvvələr həm Çinə, həm də Çinlə yaxın əlaqələri olan dövlətlərə qarşı Əfqanıstandakı Taliban rejimindən alət kimi istifadə etməkdə maraqlıdırlar”.

Qiymət Mahir

TodayPress TV

tag: Elçin Xalidbəyli,Politoloq,Taliban,Orta Asiya,Todaypress.tv,