Yaxın Şərqdə sabitliyə töhfə: Suriya-İsrail münasibətlərində Azərbaycanın vasitəçilik missiyası
Təhlil
27.08.2025 16:50
"Azərbaycanın İsraillə münasibətləri Suriya-İsrail əlaqələrinin normallaşmasına da müsbət təsir göstərə bilər".
Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, Azərbaycanın hər iki ölkə ilə kifayət qədər normal münasibətlərinin olduğunu diqqətə çatdırıb:
"Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır. Elə bu səbəbdən də İsrail-Türkiyə, o cümlədən İsrail-Suriya danışıqları Bakıda keçirildi və bu hadisə münasibətlərin aydınlaşdırılması və normallaşması baxımından önəmli bir mərhələ kimi dəyərləndirilməlidir. Son dövrlərdə İsrail-Suriya münasibətlərində yaşanan gərginlik isə diqqətin daha çox bu məsələyə yönəlməsinə səbəb olur.
Hazırda Suriya ərazi bütövlüyü, separatizm, terrorizm və xarici müdaxilələrdən əziyyət çəkən ölkədir. Azərbaycan isə Suriyanın bu vəziyyətdən çıxmasını və normal həyata qayıtmasını arzulayır. Bu baxımdan, həm ikitərəfli münasibətlər, həm də Azərbaycanın regional səviyyədə tərəfdaşı olduğu ölkələr vasitəsilə bu prosesə dəstək göstərməsi önəmli rol oynayır".
Siyasətçi hesab edir ki, Azərbaycanın İsraillə münasibətləri Suriya-İsrail əlaqələrinin normallaşmasına da müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, ABŞ, Avropa ölkələri və Azərbaycanın bu prosesdə konstruktiv iştirakı Yaxın Şərqdə eskalasiyanın azalmasına, eləcə də İsrail-Suriya münasibətlərinin normallaşmasına fayda verə bilər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, İsrail ilə Suriya arasında münasibətlərin normallaşması üçün imkanlar var:
"Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu. Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük".
Qiymət Mahir
tag: Oqtay Qasımov,Politoloq,İsrail,Suriya,Azərbaycan,Todaypress.tv,
