“Siloam” kitabəsi: İsrail istəyir, Türkiyə “vermirik” deyir - Qarşıdurma qapıdadır?
Təhlil
14.10.2025 12:42
İllərdir ki, İsrail və Türkiyə arasında davam edən “Siloam” kitabəsi mübahisəsi yenidən gündəmə gəlib.
Belə ki, İsrailin Baş naziri Benyamin Netanyahu son aylarda qədim yazının Qüdsə qaytarılmasını tələb edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə kitabəni “əcdadlarımızın mirası” adlandırıb və bu təklifi qəti şəkildə rədd edib.
Ancaq məsələnin kökləri isə daha dərinə dayanır.
TodayPress TV məlumat verir ki, son 25 ildə bir neçə dəfə həm İsrail, həm də Türkiyə rəhbərləri bu qədim daş yazı barədə açıqlamalar veriblər.
2007-ci il noyabrın 13-də Çankaya Köşkündə keçirilən Ankara Forumunun 7-ci iclası çərçivəsində İsrail Prezidenti Şimon Peres, Türkiyə Prezidenti Abdullah Gül və Fələstin Milli Administrasiyasının sədri Mahmud Abbas bir araya gəliblər.
Forum zamanı Ş.Peres A.Güldən “Siloam” kitabəsinin ən azından müvəqqəti olaraq İsrailə gətirilməsini xahiş edib.
Məlumatlara görə, A.Peres İsrailin yubiley tədbirləri üçün qədim daş yazının təqdim olunmasını istəyib.
A.Gül ilk mərhələdə razılıq versə də, daha sonra regional gərginliklər səbəbindən plan icra edilməyib.
2025-ci ilin 16 sentyabrında Netanyahu “Siloam” kitabəsini yenidən gündəmə gətirib. O, 1998-ci ildə kitabənin qədim dövrdəki su tunelini təsvir etməsinin yəhudi tarixini təsdiqləyən əhəmiyyətli fakt olduğunu vurğulayaraq, o zaman Türkiyənin Baş naziri olan Mesut Yılmazdan daş yazını tələb etdiyini, əvəzində isə İsraildə saxlanılan, Osmanlı dövrünə aid olan bütün eksponatların Türkiyəyə verilməsini təklif etdiyini bildirib. Yılmaz razı olmadıqda, İsrail rəhbəri kitabənin qiymətini soruşub. O isə “bunun qiyməti yoxdur” deyə cavab verib.
Daha sonra Netanyahu da çıxışında Ərdoğana mesaj verib:
“Biz 2000 il sonra müstəqilliyimizi bərpa etdik. Cənab Ərdoğan, Qüds sizin deyil, bizim şəhərimizdir. Həmişə də bizim olacaq. Bir gün kitabənin orijinalı da buraya çatacaq”.
2025-ci il sentyabrın 18-də Ərdoğan Ankarada çıxışı zamanı Netanyahuya cavab olaraq bildirib ki, müsəlmanlar Şərqi Qüdslə bağlı iddialardan bir addım da geri çəkilməyəcək:
“Qüdsün yenidən sülh, əmin-amanlıq və təhlükəsiz şəhərə çevrilməsi üçün mübarizəmizi sürəti azaltmadan, geri çəkilmədən qətiyyətlə davam etdirəcəyik”.
Türkiyə lideri, həmçinin 27 il əvvəl – İstanbulun bələdiyyə sədri olduğu vaxt kəsiyində tutduğu mövqeyini xatırladıb.
“Əsla unutmayın, o zaman tutduğumuz mövqe də haqqımıza xidmət edirdi”, - deyə o, İsrailin kitabəyə dair iddialarını rədd edərək daş yazının Osmanlı mirası olduğunu vurğulayıb.
2025-ci il sentyabrın 19-da İstanbulda keçirilən “TEKNOFEST” tədbirində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan “Siloam” kitabəsini “əcdadlarının mirası” adlandıraraq bildirib ki, onu verməyəcəklər. Beləliklə, son hökumət səviyyəli açıqlamalarda Türkiyə kitabənin İsrailə verilməsinə qəti etirazını ifadə edərək onun yalnız İstanbul Arxeologiya Muzeyində qalacağını bəyan edib.
Bəs mübahisəyə səbəb olan bu arxeoloji tapıntı nədir və iki ölkə üçün niyə bu qədər önəmlidir?
E.ə.7-ci əsrdə Yəhudi kralı Xizqiya Assur təhlükəsinə qarşı Qüdsün su ehtiyacını təmin etmək məqsədilə tunel tikintisi layihəsinə başlayıb. Qədim Qüds şəhəri dağın üzərində yerləşdiyi üçün, demək olar ki, hər tərəfdən müdafiə oluna bilirdi, lakin içməli su mənbəyi olan Gixon bulağı Kidron vadisinə baxan qayalığın kənarında idi. Layihəni həyata keçirmək üçün qazıntı işlərinə tunelin həm şimal, həm də cənub tərəflərindən başlanılıb. Tunel Gixon bulağından “Siloam” hovuzuna su gətirmək məqsədilə inşa edilib. Nəticədə isə iki tərəfdən aparılan qazıntılar ortada birləşdirilib.
“Siloam” kitabəsi həmin tunelin şimal və cənub hissələrinin birləşmə anını qeyd edən 6 sətirdən ibarət daş yazıdır. Yazıda belə deyilir:
“Bu səslər qarşı tərəfdən bir-birinə qışqıranların səsləri idi. Çünki həmin yerdə şimal və cənubdan qazılan tunel birləşirdi. O gün kanal açılmış oldu. Tunelin açılması ilə hər iki tərəfdəki işçilər və onların alətləri bir-birinə qovuşdu”.
Bu kitabə günümüzə qədər qorunub saxlanılmış ən qədim yazılı mənbələrdən biridir. O, Finikiya əlifbasının regional variantı olan “paleo-ivrit əlifbası” ilə ivrit dilində (İsrailin rəsmi dili) yazılıb. Tarixi baxımdan “paleo-ivrit əlifbası” adlandırılan yazı sistemi Finikiya əlifbasına əsaslanır və yəhudi mətnlərində istifadə edilən əsas yazı növünü təşkil edir. Bu əlifba sistemi İvrit dilinin inkişaf mərhələləri barədə mühüm məlumat verir.
Maraqlıdır, bütün bu olanlar İsraillə Türkiyə arasında müharibəyə gətirib çıxara bilər?
Politoloq Elçin Xalidbəyli bu barədə TodayPress TV-yə danışıb.
O vurğulayıb ki, Türkiyə öz tarixinə və mədəni irsinə aid olan heç bir arxeoloji eksponatı və ya kitabəni İsrailə vermək niyyətində deyil.
O, həmçinin əlavə edib ki, bu məsələ iki ölkə arasında gərginliyə və ya hərbi qarşıdurmaya səbəb ola biləcək xarakter daşımır:
“Ümumilikdə, Türkiyə ilə baş verə biləcək hərbi qarşıdurma dünyanın bir çox ölkələri üçün ciddi fəlakətə çevrilə bilər. Çünki Türkiyə hazırda dünyanın hərbi cəhətdən ən güclü dövlətlərindən biri hesab olunur və NATO sıralamasında döyüş qabiliyyəti və hərbi potensialına görə ikinci yerdədir. Türkiyə özünə qarşı hər hansı hərbi təcavüzə bütün istiqamətlərdə cavab vermək gücünə malikdir. Buna görə də İsrail və Türkiyə arasında silahlı qarşıdurmanın baş verəcəyi ehtimalı olduqca zəif görünür”.
Analitik onu da bildirib ki, son zamanlar bu mövzu ətrafında müxtəlif iddialar səslənsə də, xüsusilə də tarixi bir kitabə üzərindən müharibə ehtimalı reallığa yaxın deyil. Bu baxımdan da demək olar ki, iki ölkə arasında “Siloam kitabəsi” ilə bağlı fikir ayrılıqları yarana bilər, lakin bu, silahlı münaqişəyə səbəb ola biləcək səviyyədə deyil.
Qeyd edək ki, 1880-ci ildə Qüdsdə tapılan kitabə Osmanlı dövləti tərəfindən İstanbula gətirilib və hazırda İstanbul Arxeologiya Muzeyində sərgilənir.
Aysel Mətləb
tag: Elçin Xalidbəyli,Politoloq,İsrail,Türkiyə,Siloam kitabəsi,Todaypress.tv,
