“Ermənistanla sərhəddəki yanğınlar təsadüf deyil” – İDDİA
Təhlil
12.11.2025 12:33
Son günlər Ermənistan-Azərbaycan şərti sərhədinin Gədəbəy rayonu istiqamətində, xüsusilə də 1990-cı illərdən Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olmuş ərazilərdə genişmiqyaslı yanğınlar müşahidə olunur. Maraqlıdır, bu yanğınlar təsadüfidir, yoxsa təxribat? Ümumilikdə, bu hadisə regiondakı gərginliyə və sərhəd təhlükəsizliyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Abutalıb Səmədov bildirib ki, sərhəd yaxınlığındakı yanğınlar həm təbii, həm də insan amilləri ilə bağlı ola bilər:
"Azərbaycanla Ermənistan sərhədi yaxınlığında son günlər genişmiqyaslı yanğınların baş verməsi təbii olaraq narahatlıq doğurur. Burada təbii səbəblər, əlbəttə ki, istisna edilmir. Havaların isti keçməsi, həmin ərazilərdə quru ot örtüyünün olması müxtəlif səbəblərdən yanğınların baş verməsinə şərait yarada bilər. Həmçinin, insan səhlənkarlığı da bu hadisələrin əsas səbəblərindən biri ola bilər".
Ekspert hesab edir ki, yanğınların arxasında Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi təxribatının da dayandığı istisna edilmir:
"Təxribat ehtimalı da nəzərdən qaçırılmamalıdır. Qarşıdan parlament seçkiləri gəlir. Seçkilərə təxminən altı aydan bir qədər artıq vaxt qalıb, lakin onların daha tez keçirilməsi də mümkündür. Azərbaycanla sərhəddə gərginlik yaratmaq, Paşinyan hakimiyyətini Azərbaycanla münasibətlərdə zəiflik göstərməkdə ittiham etmək və siyasi mübarizədə üstünlük qazanmaq məqsədilə bu cür təxribatların törədilməsi ehtimalı da istisna olunmur. Şübhəsiz ki, bu cür hadisələrin baş verməsi Paşinyan hökumətinin maraqlarına xidmət etmir".
A. Səmədovun qənaətincə, Ermənistanda rusiyayönümlü müxalifət təxribatdan yararlanmağa çalışır:
"Sülh sazişinin imzalanması üçün zəruri addımlar atmağa hazır olan və yeni konstitusiyanın qəbuluna cəhd göstərən Paşinyan hakimiyyətinə Azərbaycanla münasibətlərin gərginləşməsi qətiyyən sərfəli deyil. Lakin Rusiya yönümlü müxalifət bu cür təxribatlarda maraqlıdır, çünki Paşinyana qarşı yeni hücumlar üçün əlavə imkanlar və bəhanələr əldə etmək istəyir"
O, əlavə edib ki, Azərbaycan yanğınların səbəblərini araşdırmalı və sərhəddə sülhün qorunmasına töhfə verməlidir:
"Bu baxımdan, Azərbaycanın mövcud kosmik kəşfiyyat və müşahidə imkanlarından istifadə edərək yanğınların yaranma səbəblərini araşdırması, bu barədə Ermənistan hakimiyyətini məlumatlandırması və xəbərdar etməsi məqsədəuyğun olardı. Belə halların qarşısı qətiyyətlə alınmalıdır ki, Azərbaycan–Ermənistan sərhədində gərginlik yaranmasın və sülh gündəliyi ardıcıl şəkildə davam etdirilsin".
Jalə Rövşən
tag: Abutalıb Səmədov ,Ermənistan-Azərbaycan,Şərti sərhəd,Yanğın ,Təxribat,
