“Şərq Tərəfdaşlığı” arxivdə qaldı: Azərbaycanın da olduğu format bölgəyə nə vəd edir?
Təhlil
22.10.2025 16:05
Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramını ləğv edərək Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini əhatə edən yeni əməkdaşlıq formatı yaradıb.
Yeni platformaya Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan və digər regional dövlətlər daxildir. Belarus isə siyahıya salınmayıb. Layihə enerji, ticarət, rəqəmsal inkişaf və nəqliyyat əlaqələrinin gücləndirilməsini hədəfləyir.
Aİ rəsmiləri bildiriblər ki, məqsəd sərmayələrin şəffaf şəkildə yönləndirilməsi və Orta Dəhliz vasitəsilə əlaqələrin möhkəmləndirilməsidir.
Bəs yeni format Aİ-nin regionda təsirini artırmaq üçün siyasi alətə çevrilə bilərmi?
Yoxsa bu, daha çox iqtisadi inteqrasiyaya yönəlik addımdır?
Sözügedən mövzunu TodayPress TV-yə şərh edən politoloq Abutalıb Səmədov bildirib ki, gözlər Mərkəzi Asiya və Cənubi Qafqazın üzərindədir:
"Avropa İttifaqı 2025-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsində daha aktiv siyasət yeritmək zərurətini anladı və bu məqsədlə son dövrlərdə ciddi addımlar atır.
Aprel ayında Səmərqənddə Avropa Birliyi–Mərkəzi Asiya sammiti keçirildi. Mərkəzi Asiya ölkələrinə ciddi yardımlar, böyük investisiyalar, milyardlarla dollar vəd olundu. Avropa Birliyi Rusiyanın bölgədə mövqeyini qorumasından və Çinin də daha çox müdaxiləsindən təbii ki, narahatdır və bu təsirləri azaltmaq istəyir. Buna görə də yeni formatın yaradılmasının kökündə təkcə iqtisadi əməkdaşlıq dayanmır.
Bu, çox mühüm əhəmiyyətə malik məsələdir. Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyanı və Cənubi Qafqazı Avropaya daha sıx bağlamaq və iqtisadi əməkdaşlığı gücləndirmək planları mövcuddur. Avropa İttifaqı rəhbərləri bu bölgənin əhəmiyyətini yaxşı anlayırlar".
Analitik qeyd edib ki, səbəb təkcə iqtisadi münasibətlər deyil:
"Təbii ki, iqtisadi əməkdaşlıq yeni formatın əsas səbəblərindən biridir, lakin digər mühüm məqsəd bölgədə Rusiyanın nüfuzunu və çəkisini azaltmaq, eləcə də Çinin regionda möhkəmlənməsinin qarşısını almaqdır. Ukrayna müharibəsi Aİ-nin imkanlarını müəyyən qədər məhdudlaşdırıb. ABŞ-nin yardımlarının azalması isə yükü Avropa İttifaqının üzərinə salıb. Aİ yaxşı anlayır ki, təkcə Ukrayna deyil, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz diqqətdən kənarda qalmamalıdır. Əks halda, Avropa İttifaqı ciddi vaxt itkisinə məruz qala və bölgədə Çinin daha da möhkəmlənməsinə şərait yarada bilər”.
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,Şərq Tərəfdaşlığı,Format,Ləğv,Todaypress.tv,
