Rusiya səfirinin Petrosyanla GİZLİ görüşü: Ermənistanda nə baş verir?
Təhlil
12.12.2025 18:50
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Paşinyana qarşı olan və müxalifətə keçən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla onun evində görüş keçirib.

Maraqlıdır, bu görüş Moskvanın Ermənistanda seçkilərə müdaxiləsi kimi başa qiymətləndirilə bilərmi?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Turan Rzayev bildirib ki, Moskva bölgədə mövqelərini qorumaq üçün Ermənistan siyasətinə aktiv təsiri gücləndirir:

"Aydın məsələdir ki, Rusiya qarşıdan gələn Ermənistan parlament seçkilərinə səssiz qalmayacaq. Kremlin Ermənistandakı dayaqları zəifləyib və Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla daha sürətli, daha effektiv addımlar atması Moskvanın maraqlarına uyğun deyil. Rusiya Cənubi Qafqazda birmənalı və davamlı sülhün olmasını istəmir. Çünki gərginlik və münaqişənin davamı Moskvanın regiondakı təhlükəsizlik rolunu daim aktual saxlayır. Buna görə də Kreml təzyiq rıçaqlarını aktiv saxlamaqda maraqlıdır. Onsuz da Azərbaycanda mövqelərini itirən Rusiya, Ermənistanda qalan son təsir imkanlarını da itirmək istəmir".
Analitik qeyd edib ki, keçmiş liderlər artıq Ermənistanda sosial dəstəkdən məhrumdur və onların geri dönüşü real siyasi təsir yaratmır:

"Paşinyana qarşı keçmiş prezidentlərin və siyasi fiqurların aktivləşdirilməsi isə effektiv variant deyil. Nə Levon Ter-Petrosyan, nə Serj Sarkisyan, nə də Robert Köçəryan bu gün Ermənistanda populyar fiqur ola bilirlər. Onlar artıq Ermənistan siyasi tarixinin keçmiş mərhələsinə aid şəxslərdir. Üstəlik, bu günə qədər davam edən münaqişənin kökündə də məhz həmin şəxslərin yanlış xarici siyasəti dayanır. Belə şəraitdə erməni cəmiyyətinin gələcəyi düşünərək yenidən bu şəxslərə etimad göstərməsi real görünmür. Onlara dəstək verənlər əsasən Rusiyanın ölkədəki “beşinci kolon”udur. Bu qruplar müəyyən təşəbbüslər göstərsələr də, onların təklif edə biləcəyi vədlər nə realdır, nə də mövcud geosiyasi mənzərə ilə uyğun gəlir".
Ekspert qeyd edib ki, Paşinyan mövqeyini gücləndirib və sülh prosesinin davamı üçün onun hakimiyyətdə qalması həlledicidir:

"Paşinyanın mövqeləri hazırda kifayət qədər güclüdür. O, həm kilsənin təsirinin məhdudlaşdırılması, həm müxalifətin zəiflədilməsi, həm də radikal qrupların neytrallaşdırılması istiqamətində fəal siyasət aparır. Məqsəd prosesləri sonadək nəzarətdə saxlamaq və Ermənistanın daxili siyasi sabitliyini qorumaqdır. O da anlayır ki, hakimiyyət dəyişikliyi baş verərsə bölgədə sülh sazişinə nail olmaq mümkün olmayacaq. Bu baxımdan Paşinyanın indiki addımları həm Ermənistan üçün, həm də bölgədə sülh prosesinin irəliləməsi baxımından uyğundur. Həmçinin bu məsələ yalnız Paşinyanla bağlı deyil – Azərbaycan da revanşist qüvvələrin hakimiyyətə qayıtmasına razı olmayacaq".
Jalə Rövşən
tag: Turan Rzayev,Politoloq,Ermənistan,Petrosyan,Todaypress.tv,
