“Soyuq müharibə" qapıda: "Çinin yüksəlişi təkcə Qərbi deyil, Rusiyanı da..."
Təhlil
05.09.2025 13:32
“Çinin son keçirdiyi parad və burada iştirak edən ölkələr, xüsusilə Rusiya və Şimali Koreya liderlərinin belə aktiv şəkildə iştirak etməsi yeni “Soyuq müharibə”nin bir göstəricisi kimi dəyərləndirilə bilər”.
Politoloq Samir Hümbətov bunu TodayPress TV-yə şərh edərkən bildirib.
O vurğulayıb ki, Çin artıq çox sürətlə inkişaf edən və bu gün üçün ABŞ-yə rəqib olma ehtimalı yüksək olan dövlətlər kateqoriyasındadır. Bu cür vəziyyət ABŞ-ni kifayət qədər çətinliyə sala biləcək bir hal kimi dəyərləndirilə bilər.
“Çin, Rusiya və Şimali Koreya nüvə ölkələridir. Demək olar ki, atdıqları addımları bu və ya digər formada koordinasiya etməyi bacarırlar. Onu da qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsində Çin ehtiyatlı davranır, çünki Avropa ölkələri və Amerika ilə olan ticarət münasibətlərinə xələl gəlməsini istəmir. Həmçinin Ukraynanın strateji baxımdan yerləşdiyi nöqtə Çinin “Bir Kəmər, Bir Yol” layihəsində aktiv bazalardan birini təşkil etdiyinə görə, Ukrayna ilə münasibəti korlamaq niyyətində deyil”.
Analitikin fikrincə, Çin ikili oynamağa çalışır. Lakin Rusiyaya müəyyən dəstək göstərməklə, həmçinin yeni qütbləşmədə də özünün gücünü göstərməyə çalışır. Hər vəziyyətdə ABŞ-nin qarşısına artıq yeni bir super gücün çıxdığını müşahidə etmək mümkündür. Onun sözlərinə görə, artıq Rusiya yavaş-yavaş qlobal gücdən regional gücə, Çin isə əksinə, regional gücdən qlobal gücə qalxır. Artıq beynəlxalq ictimaiyyət də bunu hiss edir.
"Rusiyanın əvvəlki gücünün qalmadığını, iqtisadi, siyasi baxımdan ciddi itkilərlə üzləşdiyini görmək mümkündür. Çin isə güc nümayişini təkcə Qərb dünyası, Amerika Birləşmiş Ştatlarına deyil, həm də Rusiyaya da göstərmiş oldu. Çinin bu cür yüksəlişi təkcə Qərbi deyil, həm də Rusiyanı narahat edən məsələlər sırasındadır”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Ukraynanın 2015-2019-cu illərdə ABŞ-dəki səfiri olmuş Valeri Çalıy açıqlamasında, Çinin dolayı yolla belə olsa, Rusiya ilə daha çox yaxınlaşma əlamətlərini göstərməyə başladığını deyib:
"Çin ikili oyun oynayır. Aydındır ki, onların bu gün atdıqları bir çox addımlar Rusiyaya daha yaxındır. Ancaq onlar Şimali Koreya kimi tam dəstəkdən çəkinirlər. Pekində keçirilən genişmiqyaslı tədbirə gəldikdə isə, bu görüntülər ABŞ-yə, o cümlədən ABŞ Prezidenti Donald Trampa yönəlib", - o bildirib.
Aysel Mətləb
tag: Çin,Rusiya ,Şimali Koreya ,Soyuq müharibə,Todaypress.tv,