Sülh müqaviləsi imzalanana qədər Ermənistan KTMT-dən tam çıxmayacaq - İDDİA

Təhlil

02.12.2025 15:41

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxma məsələsi yenə gündəmdədir. 


Düşünülür ki, Baş nazir Nikol Paşinyan sülh sazişi imzalanana qədər KTMT-ni tərk etməyəcək. Edərsə, seçki ərəfəsində Kremlin ona və partiyasına problem yaradacağı gözlənilir.

Maraqlıdır, Paşinyan hansı addımı atacaq? O, riskə gedəcək, yoxsa Rusiyaya qarşı ehtiyatlı davranacaq?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Zeynal Əmrəliyev Ermənistanın KTMT-dən çıxmasını asan məsələ hesab etmir:


“Təşkilat Rusiyaya bağlıdır və onun orbitində fəaliyyət göstərir. Ermənistan KTMT-dən çıxarsa, Rusiyanın təsir dairəsindən uzaqlaşmış olacaq. Ermənistan ordusunda, xüsusilə ali zabit heyətində, yəni generallar arasında Rusiyaya bağlı şəxslərin çoxluğu bu prosesi çətinləşdirir.

İkincisi, Paşinyan hökuməti Qərbə inteqrasiya prosesinə tam başlamadan KTMT-dən ayrılmağı düşünmür. Ermənistanda ehtiyat edirlər ki, Rusiyanın orbitindən tamamilə çıxsalar, Qərb onları qəbul etməyəcək. Bunun bir çox örnəyi var – məsələn, Ukrayna və Gürcüstan. Hər iki ölkə vaxtilə Rusiyanın orbitindən çıxaraq Qərbə inteqrasiya prosesinə başlayıblar, lakin Qərb onları nə Avropa İttifaqına, nə də NATO-ya qəbul edib. Bütün bunlar Ermənistanı ehtiyatlı olmağa vadar edir”.

Ekspert bildirib ki, Ermənistan faktiki olaraq KTMT və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrini kəsib. KTMT-də iştirakı dondurulub; tədbirlərdə iştirak etmir və maliyyələşməsində rol oynamır. Yalnız formal üzvlüyü saxlanılıb. Aİİ-nin sammitlərində isə çox passiv iştirak edir. Beləliklə, Rusiyanın orbitinə daxil olan qurumlar arasında Ermənistanın faktiki iştirakı yalnız MDB ilə məhdudlaşır.


Z.Əmrəliyev düşünür ki, Paşinyan Rusiyanı qıcıqlandıracaq addımlar atmayacaq:

“Sülh müqaviləsi imzalanana qədər Ermənistan KTMT-dən tam çıxmayacaq. Qarşıda parlament seçkiləri var və bu, Ermənistanda çox həssas dövrdür. Rusiya faktiki olaraq Ermənistanda hakimiyyət dəyişikliyi üçün təşəbbüslər göstərir, bir tərəfdən kilsəni, digər tərəfdən Rusiyaya bağlı müxalifəti fəallaşdırır. Buna görə də Nikol Paşinyan irəli doğru addımlar atmaqda ehtiyatla davranacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Zeynal Əmirəliyev,Politoloq,Ermənistan,KTMT,Todaypress.tv,