Rusiya virtual cəbhəni genişləndirir: NATO hədəfdədir?
Təhlil
20.10.2025 12:59
Böyük Britaniya Müdafiə Nazirliyi son illərin ən ciddi kiberhücumunu təsdiqləyib.
Belə ki, Rusiya mənşəli hakerlərin Müdafiə Nazirliyinin podratçısı olan “Dodd Group” şirkətinin serverlərinə sızaraq səkkiz hərbi bazaya aid yüzlərlə gizli sənədi ələ keçirdiyi bildirilir.
Sızan məlumatlar arasında baza planları və şəxsi heyət siyahıları da var. Nazirlik məlumatların dövlət sirri səviyyəsində olmadığını açıqlasa da, ekspertlər hücumun NATO daxilində etimad və təhlükəsizlik risklərini artırdığını vurğulayırlar.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq İlkin Məmmədkərimov bildirib ki, Rusiyanın Böyük Britaniyanın hərbi bazaları haqqında məlumatları ələ keçirməsi həm Böyük Britaniya, həm də ümumilikdə NATO üçün ciddi təhdiddir:
“Rəsmi açıqlamalara görə, Rusiya kəşfiyyatı səkkiz bazadan daha çoxunun məlumatlarını ələ keçirib. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı yaxın günlərdə ciddi istefalar ola bilər. Böyük Britaniyada artıq istintaq orqanları araşdırmaya başlayıblar”.
Politoloq qeyd edib ki, Rusiya müharibəni təkcə fiziki yox, virtual müstəviyə də daşıyır:
“Rusiyanı dayandırmaq üçün böyük hərbi gücə ehtiyac var. Artıq Avropa anlayır ki, əraziləri üçün real təhlükə yaranıb və Rusiya Ukrayna ilə kifayətlənməyəcək. Növbəti hədəfi Baltikyanı ölkələr və Polşadır. Daha sonra isə Fransa, Almaniya və Böyük Britaniya ərazilərinə hücum edə bilər. Bunun qarşısını almaq üçün NATO qüvvələrinin hərbi müdaxiləsi qaçılmaz görünür”.
Analitik sözlərinə görə, NATO-da təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, xüsusən də serverlərin müdafiəsinin artırılması vacibdir:
“Rusiya kifayətlənən deyil və ehtimal olunur ki, digər ölkələrin də hərbi bazalarının məlumatları artıq rusların əlindədir. Sadəcə olaraq, hələlik mediaya sızan məlumat Böyük Britaniyaya aiddir. Qərb mətbuatına görə, Fransa və Almaniya da artıq Rusiya ilə mümkün müharibəyə hazırlaşır. Çünki onlar başa düşürlər ki, ABŞ-nin mövqeyi kifayət qədər qəti deyil və Ağ Ev rəhbəri Donald Trampın əvvəlki siyasəti Rusiyaya qarşı yumşaq olub. Lakin indi o da anlayır ki, bu təhdid coğrafi baxımdan uzaq olsa da, birbaşa ABŞ-yə də yönələ bilər”.
Jalə Rövşən
tag: İlkin Məmmədkərimov,Politoloq,Rusiya,NATO,Todaypress.tv,
