Paşinyan-kilsə QARŞIDURMASI: Kim şah, kim mat olacaq?

Təhlil

05.06.2025 18:01

“Ermənistanın Baş naziri Nikol Paşinyan kilsə ilə mübarizədə üstünlük əldə edəcək”.

Politoloq Akif Nağı bunu TodayPress TV-yə danışarkən deyib.

O, kilsənin Ermənistandakı rolundan bəhs edib:

“Paşinyanın hazırda qarşıdurmada olduğu əsas qüvvələrdən biri də kilsədir. Bu, təsadüfi deyil. Çünki Ermənistanda tarixən dövlət institutları zəif olub və bir çox hallarda kilsə dövlətin yerini tutaraq cəmiyyətin əsas birləşdirici qüvvəsinə çevrilib. Ermənilər üçün kilsə onları bir arada saxlayan və talelərinin müəyyənləşməsində rol oynayan əsas dayaqlardan biridir. Bu ideyadan imtina etsələr, öz varlıqlarını itirəcəklərini düşünürlər. Lakin artıq dünyada, xüsusilə də xristian dünyasında, 15–16-cı əsrlərdən başlayaraq kilsə ilə dövlət arasında sərhədlər dəqiq şəkildə çəkilib. İnkişaf etmiş ölkələr tərəqqini kilsədən uzaqlaşmaqda görüb. Kilsənin dövlətə müdaxiləsi bir çox hallarda dövlət idarəçiliyinə mənfi təsir göstərib. Bu səbəbdən də Avropada kilsənin səlahiyyətləri yalnız mənəvi və dini sahə ilə məhdudlaşdırılıb. Bu gün isə xristian dünyasında yeganə istisnalardan biri Ermənistandır ki, burada kilsə hələ də dövlətin işlərinə ciddi müdaxilə edir. Halbuki Ermənistan Konstitusiyası da digər müasir dövlətlərdəki əsas qanunlar kimi kilsənin dövlət işlərinə qarışmasını qadağan edir. Ermənistanda tarixən qəbul edilən bir sıra yanlış qərarların – xüsusilə də Azərbaycana qarşı təcavüzün arxasında məhz kilsə dayanıb”.

Ekspertə görə, Paşinyan təhlükəni sezir:

“O, Ermənistanın artıq müstəqil dövlət kimi mövcudluğunu təhlükə altında gördüyündən, kilsənin siyasi təsirini azaltmaq məqsədilə islahatlara başlayıb. Bu məqsədlə o, kilsəni nüfuzdan salmaq, onun ictimaiyyətə yalançı obraz təqdim etdiyini göstərmək istiqamətində addımlar atır. Paşinyan əslində dini inanca qarşı çıxmır, onun tənqid hədəfi kilsə rəhbərləridir. Görünür, Paşinyan bu məsələdə müəyyən uğur qazanacaq. Artıq Ermənistan cəmiyyətində də kilsə ilə dövlətin fərqli institutlar olduğu qənaəti formalaşır. Ötən il arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə kilsənin nüfuzunu bərpa etmək üçün bir hərəkat baş tutdu, lakin bu təşəbbüs geniş ictimai dəstək qazanmadı. Paşinyan bu cəhddən sonra əmin oldu ki, kilsənin sosial dayaqları sanıldığı qədər güclü deyil və bu səbəbdən də daha inamla islahatları davam etdirir”.

Analitik kilsənin qarşıdan gələn parlament seçkilərinə təsir etməyəcəyini düşünür: 

“Seçicilər daha çox sosial rifah və gələcəyə dair perspektivləri əsas götürərək qərar verirlər. Üstəlik, Paşinyanın kilsəni ifşa etməsi həqiqi dindarların rəğbətini də qazana bilər. Çünki onlar da artıq görürlər ki, kilsənin rəhbərliyində dayanan şəxslərin bir çoxu dini deyil, şəxsi maraqlarını güdür”.

Qeyd edək ki, iyunun 2-də Eçmiədzində bütün ermənilərin katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclası keçirilib. Yığıncaqda Baş nazir Nikol Paşinyanın son günlər başlatdığı anti-kilsə kampaniyası xüsusi diqqət mərkəzində olub.

Qiymət Mahir

tag: Akif Nağı,Politoloq,Ermənistan,Kilsə,Todaypress.tv,

photo