Amerikalı ekspertdən SƏRT AÇIQLAMA: "Bu, Vaşinqtonun zəifliyi idi"

Təhlil

14.11.2025 12:35

"43 günlük hökumət bağlanması – ABŞ tarixinin ən uzun şatdaunu – Vaşinqtonda institusional aşınmanın və partiyalararası funksionallığın nə qədər dərinləşdiyini tam şəkildə göstərdi. Bu nə güc nümayişi idi, nə prinsipiallıq, nə də hansısa strateji aydınlıq. Əksinə, idarəetmə mexanizminin nə qədər boşaldığını ortaya qoyan milli bir biabırçılıq idi. Həm Ağ Ev, həm də Konqres bu prosesdən zədələnmiş şəkildə çıxdı; onlar sadəcə vəziyyətdən sağ çıxmaqdan başqa ardıcıl bir izah belə təqdim edə bilmədilər. Hökumətin yenidən açılması normallığın bərpası yox, siyasi dözümlülüyün tükənməsi idi. Sistem yenidən işə düşdü, amma disfunksiya olduğu kimi qaldı".


Bunu TodayPress TV -yə  açıqlamasında amerikalı ekspert, siyasi icmalçı İrina Tsukerman deyib.  

Ekspert bildirib ki, 43 günlük şatdaun siyasi güc qarşıdurmasının dərinləşdiyini və idarəçilik iradəsinin zəifliyini üzə çıxardı:

"Başlanğıcdan etibarən bu qarşıdurma fiskal idarəetmə ilə bağlı deyildi – məsələ güc və görüntü idi. Demokratlar büdcə prosesindən Səhiyyə Sığortası Qanunu (ACA) üzrə geniş güzəştlər qoparmaq üçün vasitə kimi istifadə etməyə çalışdılar. Administrasiya isə bu tələbləri büdcəyə aidiyyəti olmayan əlavə şərtlər hesab edərək qəbul etmədi. Nəticədə 43 günlük qarşıdurma real danışıqlarla deyil, ictimai nümayişlərlə xarakterizə olundu. Hər iki tərəf aydın siyasi məqsəd formalaşdıra bilmədi və çıxış strategiyası qurmağa iradə göstərmədi. Bu, ən boş siyasi davranışın nümunəsi idi – səs-küylü, nümayişkaranə, amma idarəçilik məsuliyyətindən tamamilə uzaq".

Onun sözlərinə görə, şatdaun sadəcə siyasi elitlərin öz maraqları uğrunda mübarizəsini və cəmiyyətin bunun əvəzini ödədiyini göstərdi:

"Bu iflic vəziyyətinin əsl yükünü Amerika ictimaiyyəti daşıdı. Federal işçilər maaşsız qaldı, dövlət sifarişlərindən asılı olan kiçik bizneslər zərərə uğradı, bir çox əsas xidmətlər dayandı. Hər iki tərəf bir-birini ittiham etsə də, cəmiyyətin mövqeyi tədricən ümumi narazılığa çevrildi. Zaman keçdikcə daha aydın görünürdü ki, bu qarşıdurma hökumət haqqında iki fərqli baxışın toqquşması deyil, öz maraqları ilə məşğul olan siyasi sinfin portretidir. Hər iki tərəf vətəndaşlar üçün deyil, başlıqlar üçün mübarizə aparırdı".

Amerikalı ekspertin qənaətincə, Prezidentin sərt mövqeyi prinsipial təsir bağışlasa da, uzun şatdaun çevik idarəetmənin çatışmazlığını və qarşıdurmanın stabillik yaratmadığını üzə çıxardı:

"Prezident Trampın yanaşması kompromisdən çox qarşıdurma instinktinə söykənirdi. Demokratların ACA ilə bağlı tələblərinə boyun əyməməsi ona prinsipial görünüş versə də, bu, eyni zamanda ultimatum üzərində idarəçiliyin limitlərini göstərdi. Administrasiya sərt mövqe nümayiş etdirməyə çalışdı, lakin adi amerikalıların çəkdiyi ağır prosesin niyə uzadıldığını izah edən ardıcıl bir məntiq təqdim edə bilmədi. Bu ştatdaun, sərt duruş nümayiş etdirə bilən, lakin çevik idarəetmə qabiliyyəti zəif olan bir prezidentliyi üzə çıxardı – bu güc döyüş qazana bilər, amma sabitlik yaratmır".

O, həmçinin Demokratların taktiki sərtliyinin nəticə vermədiyi və yalnız partiya daxilindəki fikir parçalanmasını üzə çıxardığını vurğulayıb:

"Demokratlar üçün də vəziyyət uğurlu olmadı. Büdcə danışıqlarını səhiyyə ilə bağlı genişləndirmələrə bağlamaq cəhdi siyasi cəhətdən davamsız və strateji baxımdan səhv idi. Şatdaun onların içindəki ideoloji qanadların parçalanmasını üzə çıxardı – radikallar daha sərt qarşıdurma istəyir, mötədillər isə prosedur idarəçiliyi tələb edirdilər. Hökumət yenidən açılana qədər partiya ilkin tələblərinin heç birini əldə etmədi və mənəvi üstünlük arqumenti yorğunluq içində itib getdi. Bu, prinsipin qələbəsi deyil, disfunksiyanın nümayişi idi".

Siyasi icmalçı əlavə edib ki, şatdaun ABŞ institutlarında dialoqun deyil, qarşılıqlı bloklanmanın əsas modellə çevrildiyini açıq şəkildə göstərdi:

"İnstitusional səviyyədə 43 günlük şatdaun hər iki partiyanın disfunksiyanı artıq normallaşdırdığını göstərdi. Konqres deliberativ orqandan reaktiv orqana çevrilib, prezidentlik isə daimi seçki kampaniyasına. Konstitusion balans sistemi indi qarşılıqlı nəzarəti deyil, qarşılıqlı bloklanmanı təşviq edir. Bu böhran göstərdi ki, müasir ABŞ siyasətində hökumət çökəndə heç kim real mənada qazanmır – yalnız qələbə illüziyası yaşayır. Şatdaun kompromislə deyil, sadəcə administrativ sistemin daha çox bağlı qala bilməməsi ilə bitdi".

Ekspertin fikrincə, iqtisadi baxımdan ziyan Vaşinqtondan xeyli uzaqlara qədər yayılıb. Birbaşa itkilərə məhsuldarlığın azalması, təxirə düşmüş müqavilələr və milyardlarla dollar dəyərində gəlir itkisi daxil idi. Lakin ən böyük zərər qeyri-maddi idi: investorların, biznes liderlərinin və vətəndaşların hökumətin etibarlılığına inamı sarsıldı. Bu etimad itkisi uzunmüddətli iqtisadi davranışları da pozur – investisiya risklərini artırır, ictimai bədbinliyi gücləndirir. ABŞ-nin idarəçilik baxımından etibarlı tərəfdaş kimi reputasiyası – onun qlobal təsirinin əsas dayaqlarından biri – yenidən zərbə aldı.

İ.Tsukerman, eyni zamanda siyasi böhranın tərəflərin həll axtarmaqdansa auditoriya üçün "performans" göstərdiyini ortaya qoyduğuna diqqət çəkib:

"Şatdaunu müşayiət edən siyasi kommunikasiya amerikalı siyasətçilərin idarəetmə reallıqlarından nə qədər uzaqlaşdığını daha aydın göstərdi. Mətbuat konfransları, sosial media savaşları və bitib-tükənməyən şüarlar yerində düşünülmüş siyasət qərarlarını əvəzlədi. Hər iki tərəf problemi həll etməkdən daha çox öz media auditoriyalarına uyğun narrativ qurmağa çalışırdı. Bu epizod göstərdi ki, sistem artıq daimi performans vəziyyətindədir – ritorika idarəetməni əvəz edir, polarizasiya isə idarəetməyin özünə çevrilir".

O hesab edir ki, zərər yalnız daxildə yox, xaricdə də özünü göstərdi. Şatdaun ABŞ-nin zəiflədiyi və etibarsızlaşdığı qənaətlərini gücləndirdi. Amerikanın liderliyinə güvənən müttəfiqlər Vaşinqtonun öz daxili çəkişmələrinə qapıldığını seyr etdi, Rusiya, Çin və İran kimi rəqiblər isə bunu ABŞ demokratiyasının öz ziddiyyətləri altında çatladığının sübutu kimi təqdim etdilər. Hökumətin bu qədər uzun müddət bağlı qalması ABŞ-nin uzunmüddətli öhdəliklərinə nə dərəcədə sadiq qala biləcəyi barədə suallar doğurdu.

"Bu şatdaunun vaxtı xüsusilə zərərli idi – ABŞ Ukraynada güc nümayiş etdirməyə, Yaxın Şərqdə İranın təsirini balanslaşdırmağa, Çinlə gərginliyi idarə etməyə çalışdığı bir dövrdə Vaşinqton qarışıqlıq görüntüsü sərgilədi. Şatdaun rəqiblərə hərəkət imkanı verdi, müttəfiqlərə isə ehtiyatlı davranmaq üçün səbəb. Bu proses Amerikanın xarici siyasət ritminin artıq daxili partiya mübarizələri ilə müəyyənləşdiyini göstərdi".

Amerikalı ekspert sonda əlavə edib ki, bu 43 gün real nəticə vermədi və yalnız ABŞ idarəetmə sisteminin dərin zəifliyini üzə çıxardı:

"Nəticədə 43 günlük şatdaun heç bir məna kəsb edən nəticə vermədi. Demokratlar ACA ilə bağlı tələblərini təmin edə bilmədi; Ağ Ev nəzarət hissi yarada bilmədi; Konqres isə idarəçilik funksiyasını yerinə yetirə bilmədi. İnstitutlar formal olaraq ayaqda qaldı, amma idarəetmənin məzmunu boşaldı. Hökumətin açılması problemi həll etmədi, sadəcə təxirə saldı. ABŞ həmin 43 gün ərzində güc sınağı deyil, zəiflik nümayişi gördü: siyasi mübarizə ilə özünü məhv etmə arasındakı sərhədi artıq seçə bilməyən bir sistem. Əsas sual artıq növbəti şatdaunun nə vaxt olacağı deyil –onun qarşısını almaq gücünün qalıb-qalmadığıdır".

Jalə Rövşən

TodayPress TV 


tag: İrina Tsukerman ,Şatdaun ,Siyasi Böhran ,ABŞ,Todaypress.tv,