Ekspert: "İranın nüvə siyasəti Yaxın Şərqi yeni alova sürükləyir"
Təhlil
26.11.2025 16:16
İran İsrailin son hücumlarından sonra “Hizbullah” və digər proksi qrupların itirilmiş potensialını bərpa etmək üçün Livan, Yəmən, İraq və bəzi Afrika ölkələrinə silah göndərməyə başlayıb. İran indi dörd əsas istiqamətə fokuslanır: raket ehtiyatlarını artırmaq, zədələnmiş obyektləri bərpa etmək, proksi şəbəkəni gücləndirmək və xaricdə israillilərə qarşı mümkün hücumları genişləndirmək. Bu isə regionda yeni eskalasiya dövrünün başlanğıcı kimi qiymətləndirilir.

Sual yaranır: İranın bu addımı İsrail–İran qarşıdurmasını yeni fazaya keçirirmi? Bu proses regional müharibə riskini artırır, yoxsa Tehran sadəcə strateji balansı qorumağa çalışır?
Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İranın dəyişməyən nüvə siyasəti regionu yeni hərbi toqquşma həddinə gətirir:

“İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar, həmçinin nüvə sazişi ətrafında yaranmış gərginlik, ilk növbədə Tehran rejiminin öz nüvə ambisiyalarından geri çəkilməməsi və proksi qüvvələrinə verdiyi davamlı dəstəklə bağlıdır. Hazırda da eyni siyasət davam edir və bu kursun dəyişməməsi yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyatların mümkünlüyünü artırır. “Hizbullah”a yönəlik zərbələr və prosesin bu istiqamətdə genişlənməsi də bu ehtimalların tərkib hissəsidir”.
O hesab edir ki, İranın siyasəti Tehran–Vaşinqton xəttində yeni qarşıdurmanı qaçılmaz edir:

“Düşünürəm ki, İsrailin mövcud strategiyası regiondakı münasibətlərdə dərin uçurum yaradacaq və İran–ABŞ münasibətlərində yeni bir qarşıdurmanın yaranmasına səbəb ola bilər. İran hazırda ABŞ ilə danışıqlara başlamaq üçün mesaj göndərsə də, əgər eyni siyasəti davam etdirməyə, proksi qrupları maliyyələşdirməyə davam etsə, bu dialoqun reallaşması qeyri-real görünür. Başqa sözlə, İranın yürütdüyü xətt və vasitəçi qüvvələrə verdiyi dəstək, əslində, həm İsrailin, həm də ABŞ-nin Tehrana qarşı əlavə təzyiq göstərməsi və yeni hərbi əməliyyatlara hazırlaşması üçün zəmin yaradır”.
Ekspert sonda əlavə edib ki, nəticə etibarilə, İran siyasi sistemində mühafizəkarların üstün mövqeyinin davam etdiyi şəraitdə İran–İsrail və İran–ABŞ münasibətlərinin normallaşması real görünmür.
Jalə Rövşən
tag: Məhəmməd Əsədullazadə,Politoloq,İran,Nüvə,Todaypress.tv,
