Politoloq: ABŞ belə bir ittifaqın yaranmasına heç vaxt icazə verməz...
Təhlil
16.09.2025 16:51
Son günlər Misir, Türkiyə, İran, Oman, Livan, İordaniya, Qətər, Suriya, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreynin İsrailin hər hansı bir hərəkətinə qarşı kollektiv cavab vermək məqsədilə birgə hərbi ittifaq yaratmağı planlaşdırdığı ilə bağlı xəbərlər paylaşılır.
Maraqlıdır, İsrailə qarşı belə bir hərbi ittifaqın yaradılması mümkündürmü?
Yaranacaq hərbi ittifaq İsrailə qarşı hansı hərbi və siyasi addımları ata bilər?
Bu cür ittifaqın yaranması region və dünya siyasətinə necə təsir edəcək?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə deyir ki, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar Qətərə, Suriyaya, Livana və Yəmənə olan hücumları birmənalı olaraq ABŞ-nin hücumu kimi xarakterizə olunmalıdır.
Onun sözlərinə görə, Amerikanın razılığı olmadan İsrail heç bir yerə hücum edə bilməz.
“ABŞ belə bir ittifaqın yaranmasına heç vaxt icazə verməz”
“İsrailə qarşı ittifaq yaratmaqdan bəhs edənlər — Misir, Türkiyə, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hamısı ABŞ ilə müttəfiq və strateji tərəfdaşdır. ABŞ isə belə bir ittifaqın yaranmasına heç vaxt icazə verməz. İran buna gedə bilər, çünki bu ölkənin belə təklifləri var. Amma belə bir ittifaq yaradılsa belə, həmin dövlətlər İsrailə qarşı hər hansı bir hərbi əməliyyat keçirə bilməzlər. Çünki ABŞ İsrailin təhlükəsizliyinin qarantıdır”, - o bildirib.
Politoloq onu da əlavə edib ki, Yaxın Şərqdə yeni bir geosiyasi nizam qurulur və döyüş meydanı yenidən şəkillənir. ABŞ bu prosesi İsrailin əli ilə dizayn edir.
“Əlbəttə, güclü bir hərbi ittifaq qurularsa, buna beynəlxalq siyasi nizamda yeni bir güc demək olar. Amma belə bir ittifaqın güclü olması real görünmür. Çünki Türkiyə deyəcək ki, rəhbər mən olum, İran isə iddia edəcək ki, rəhbərlik mənim olmalıdır. Buna görə də belə bir ittifaqın qurulması mümkün deyil”, – deyə, həmçinin analitik vurğulayıb.
Nicat Osman
tag: Məhəmməd Əsədullazadə,Politoloq,ABŞ,İsrail,İttifaq,Todaypress.tv,
