İsrail-İran qarşıdurması Azərbaycan üçün arzuolunan deyil...

Təhlil

17.06.2025 16:44

“İsrail və İran arasında olan qarşıdurma təbii olaraq region üçün, xüsusilə də Azərbaycan üçün arzuolunan deyil. İsrailin Azərbaycan üçün tərəfdaş ölkə olması, İranın isə qonşu ölkə olması bizi maksimum şəkildə ehtiyatlı olmağa məcbur edir”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən deyib. 

O, Azərbaycanın baş verənlərdən narahatlığını ifadə edib və bunun səbəblərindən bəhs edib:

“İranda 40 milyona yaxın soydaşımız yaşayır. İrana qarşı uzunmüddətli və genişmiqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Bu isə öz-özlüyündə ölkəmiz üçün humanitar problemə yol aça bilər. Onların yerləşdirilməsi, ərzaq və digər zəruri avadanlıqlarla təmin edilməsi Azərbaycan üçün istər-istəməz çətinlik yaradar. İkincisi, bu müharibə Azərbaycanın əsas silah tədarükçülərindən biri olan İsraili özünün silah təlabatının təmin edilməsinə fokuslaya bilər ki, bu da bizə lazım olan silah və texnikanın ötürülməsində çətinliklərə yol aça bilər. 

İran ərazisində tranzit olaraq istifadə imkanlarımız da təhlükə altındadır. Bakıdan Naxçıvana və əks istiqamətdə avtobusların hərərkəti həm bu marşrut üzrə, həm də Türkiyədən İran vasitəsilə Azərbaycana və buradan digər istiqamətlərə daşınmalar da aktiv hərbi əməliyyatlar səbəbilə dayandırılıb. Bir sıra ölkələrə təyyarə reyslərinin dayandırılması turizm sektoruna da mənfi təsirlər göstərməyə başlayıb. Xüsusilə yay aylarında İran və İsraildən ölkəmizə turist axının olduğu məlumdur. Lakin indiki şərtlərlə bu da mümkünsüz olub”.  

Ekspert qeyd edib ki, Azərbaycan bu və digər şərtlər səbəbilə İsrail və İran arasında qarşıdurmanın tez bir zamanda aradan qalxmasında maraqlıdır. Zərurət olarsa, İsrail və İran Azərbaycana bununla bağlı hər hansı müraciət etsələr, rəsmi Bakı bu prosesdə əlindən gələn hər şeyi edəcək. 

Qiymət Mahir

tag: Rəşad Bayramov,Politoloq,İsrail,İran,Azərbaycan,Todaypress.tv,

photo