Rusiya düşmən axtarışında: Azərbaycan cavab tədbirlərini gecikdirməyəcək!

Təhlil

01.07.2025 13:43

“Rusiyanın Azərbaycanı özünə düşmən etmək addımı tamamilə uğursuz addımdır və bu seçimi edənlər yanılırlar”. 

Politoloq İlyas Hüseynov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Yekaterinburqda baş vermiş hadisəni utancverici adlandırıb:

"Bu hadisə Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da gərginləşməsinə xidmət edir. Rusiyadakı bəzi qüvvələr elə zənn etməsin ki, Azərbaycan 1990-cı illərdə olan Azərbaycandır və xarici qüvvələrdən asılıdır, müxtəlif güc mərkəzləri Azərbaycana təsir edə bilərlər. Azərbaycan Cənubi Qafqazda əsas güc mərkəzlərindən birinə çevrilib. Ərazi bütövlüyünü, suverenliyini təmin edib. Azərbaycan xalqı bu gün qürurludur. Dünya azərbaycanlılarının, Rusiyada yaşayan soydaşlarımızın bu qələbəyə töhfəsini vurğulamaq istəyərdim. Hesab edirəm ki, Rusiyanın Ukrayna cəbhəsində uğursuzluğu müxtəlif addımlar atılmasına gətirib çıxarıb. Hər imperiya düşüncəsi, hegemonluq xisləti ilə yaşayan dövlət xarici düşmən axtarışındadır. Lakin Azərbaycanı özünə düşmən etmək tamamilə uğursuz addımdır və bu seçimi edənlər yanılırlar. Azərbaycan Cənubi Qafqazda daim mehriban qonşuluq siyasətini əldə rəhbər tutub".

Ekspert 2022-ci ildə imzalanan bəyannaməni xatırladıb:

“Rusiya ilə Azərbaycan arasında balanslaşdırılmış siyasi münasibətlər sistemi var. 22 fevral 2022-ci il tarixində Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı. Münasibətlər keyfiyyətcə yeni müstəviyə çıxdı və belə bir mövqe formalaşdı ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək. Lakin mülki təyyarəmizin raket atəşinə tutulmasından sonrakı prosesləri anlamaq çətindir və məntiqdən kənardır. Saytlarımıza edilən kiberhücumlar və azərbaycanlıların Rusiyada hədəf alınması çox kəskin münasibətlərin formalaşmasına dəlalət edir. Münasibətlərin gərginləşməsində Azərbaycan maraqlı deyil”. 

Analitik sonda vurğulayıb ki, Azərbaycanı bu gərgin münasibətlər sisteminə çəkən Rusiyadır və Azərbaycan cavab tədbirlərini gecikdirməyəcək. 

Qiymət Mahir

tag: İlyas Hüseynov,Politoloq,Rusiya,Azərbaycan,Todaypress.tv,

photo