Fidan-Zelenski görüşü: Vəziyyət Ukraynanın xeyrinə dəyişəcək?

Təhlil

30.05.2025 21:50

“Türkiyə müharibə müddətində Ukraynaya ciddi şəkildə dəstək göstərib və demək olar ki, Ukraynanın xeyrinə olan bütün razılaşmalar Türkiyənin vasitəçiliyi ilə həll olunub”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə danışarkən deyib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların aparılmasında həm ev sahibi, həm də vasitəçi ölkə kimi Türkiyədə israrı təsadüfi deyil:

“Ukraynanı müdafiə edən dövlətlərin içərisində Rusiyaya təsir etmək imkanlarına malik olan yeganə ölkə Türkiyədir. Bütün bunlar da Türkiyəni Ukrayna üçün vacib tərəfdaşa çevirir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirməsi İstanbul danışıqları ilə bağlıdır. Böyük ehtimalla, Türkiyənin tərəflərin arasında uzlaşmanın əldə edilməsi ilə bağlı təklifi var və bunu Ukrayna rəhbərliyi ilə görüşərək müzakirə etmək qərarına gəlib. Hətta danışıqlardan əvvəl də Kiyev və Ankara arasında diplomatik münasibətlər hökm sürürdü, tərəflər arasında fəallıq müşahidə edilirdi və İstanbul danışıqlarına başladıqdan sonra bu fəallıq daha da artmağa başladı. Türkiyənin Ukraynaya dəstəyi məsələsi və ikitərəfli münasibətlərin normallaşması məsələsi də geniş şəkildə müzakirə oluna bilər. Çünki Türkiyə Ukrayna tərəfinə güclü şəkildə humanitar dəstək verir”. 

Qeyd edək ki, mayın 30-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Qiymət Mahir

tag: Türkiyə, Ukrayna, Müharibə, Rusiya, Putin, Politoloq, todaypress.tv,

photo