Rusiyanın "qarın ağrısı"nın əsl səbəbi ÜZƏ ÇIXDI: “9-cu maddə reallaşdırılmayacaq!

Təhlil

14.08.2025 18:27

“Rəsmi Moskvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasından, eləcə də regionda nəqliyyat-kommunikasiya əlaqələrinin blokadadan çıxmasından narahatlıq keçirdiyi aydın məsələdir. Rusiya tərəflər arasındakı münasibətlərin bərpasını, xüsusilə də Zəngəzur dəhlizinin onun iştirakı olmadan fəaliyyətə başlamasını Cənubi Qafqazdakı maraqlarına ciddi təhdid kimi qiymətləndirir”.

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O izah edib ki, uzun illər ərzində münaqişəni həm Azərbaycan, həm də Ermənistan üzərində təsir vasitəsi, ölkələri təzyiq altında saxlamaq üçün bir imkan kimi qiymətləndirən Rusiya indi oyundankənar qalmağı qəbul edə bilmir. Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata və ondan sonra imzalanan sənədlərə istinad etməsinin səbəbi də məhz budur.

“Şübhəsiz ki, Rusiya rəsmiləri üçtərəfli bəyanat barədə danışarkən əsasən 9-cu maddənin icrasını nəzərdə tuturlar. Çünki bəyanatın digər müddəaları ya artıq öz həllini tapıb, ya da tətbiq olunub. Çünki həmin bəyanatın digər maddələri bu və ya digər şəkildə artıq öz həllini tapıb. Üçtərəfli bəyanatın 9-cu maddəsi isə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasını, Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməsini və nəqliyyat nəzarətinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməsini nəzərdə tuturdu. İndi Rusiyanın qarın ağrısının səbəbi də məhz elə bununla, yəni Zəngəzur dəhlizinə nəzarətin Rusiya Sərhəd Xidmətinə verilməməsi ilə bağlıdır”.

Analitik bildirib ki, Rusiya üçtərəfli bəyanatın bu maddəsinə əsaslanaraq nəyəsə nail olacağını düşünür, amma bu, faktiki mümkün deyil. Çünki Rusiya özü yaxşı bilir ki, ötən 5 il ərzində bu istiqamətdə heç bir irəliləyiş olmayıb və Moskva bu barədə Ermənistana hər hansısa irad bildirməyib. Başqa sözlə, Rusiya zamanında həmin dəhlizin açılması ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirmədiyi üçün oyundankənar qalıb və artıq bu reallığı qəbul etməlidir.

Qeyd edək ki, rusiyalı rəsmilər və diplomatlar Vaşinqton razılaşmasının 9 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış ortaq bəyanata uyğunlaşdırılmasının vacibliyini vurğulayırlar.

Qiymət Mahir

tag: Moskva,Azərbaycan,Ermənistan ,Cənubi Qafqaz,Todaypress.tv,

photo