Ramiz Yunus: “Ukraynanın arxasından iş çevirənlər onunla hesablaşırlar”

Təhlil

16.08.2025 23:07

“ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin Alyaskadakı görüşü mənə qəribə bir şəkildə 1938-ci il 29 sentyabrda Almaniya reyxskansleri Adolf Hitler, Böyük Britaniyanın Baş naziri Nevill Çemberlen, Fransanın Baş naziri Eduar Daladye və İtaliyanın Baş naziri Benito Mussolininin iştirakı ilə baş tutan və tarixə “Münhen sazişi” kimi düşən görüşü xatırlatdı. Həmin saziş Britaniya-Fransa “yumşaltma” siyasətinin zirvəsi olmuşdu”.

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz "Facebook" hesabında yazıb.

O xatırladıb ki, o vaxt Avropada Hitler tərəfindən qızışdırılan müharibə ertələnmiş, Böyük Britaniya və Fransa Çexoslovakiya hökumətinə açıq şəkildə bildirmişdi ki, əgər Almaniyanın tələbləri rədd edilərsə, heç bir yardım gözləmək olmaz. Müharibədən yayınmaq üçün Çexoslovakiya sazişin şərtlərini qəbul etməyə məcbur olmuşdu. 

Siyasətçiyə görə, ABŞ prezidentinin Rusiya prezidenti ilə birlikdə Alyaskada Ukrayna prezidentinin arxasından yeni bir “Münhen” təkrarlamaq cəhdi əvvəldən iflasa məhkum idi:

“Çünki 2025-ci ilin Ukraynası ilə 1938-ci ilin Çexoslovakiyası arasında ciddi fərq var. Əminəm ki, Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-i Ağ Evin Oval kabinetində prezident Tramp ilə keçirəcəyi görüşdə bir daha öz xarakterini nümayiş etdirəcək və Trampın təzyiqləri qarşısında geri çəkilməyəcək. O, bu mövqeyini həmin kabinetdə bundan əvvəl də açıq şəkildə göstərmişdi”.

R.Yunus bildirib ki, 1938-ci ilin Çexoslovakiyasından fərqli olaraq, müasir Ukrayna amansızcasına mübarizə aparır:

“Rusiya blitskriqinin üç günə başa çatmasına imkan verməyərək, ötən 3,5 illik müharibə ərzində bu savaşın tamhüquqlu subyektinə çevrilib. İndi onun mövqeyi ilə hamı, hətta arxasında gizli sövdələşmə etmək istəyənlər belə hesablaşmağa məcburdur.

Ukrayna xalqı qarşısında məsuliyyətini anlayan və Silahlı Qüvvələrin Ali Baş Komandanı olan prezident Zelenski Tramp və Rusiya prezidentinə özünü Çexoslovakiyanın o zamankı prezidenti Edvard Beneşdən nə ilə fərqləndirdiyini göstərə biləcək. Bununla yanaşı, o, Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bu tövsiyəni də daim yadında saxlayacaq: “Heç vaxt işğalla razılaşmayın”. 

Qiymət Mahir

tag: ABŞ, Rusiya, Tramp, Putin, Ramiz Yunis, todaypress.tv,