"Harınlayıblar, bu qədər..." İqbal Ağazadədən SƏRT TƏNQİD - MÜSAHİBƏ - VİDEO
Təhlil
25.04.2026 14:25
Ümid Partiyasının sədri İqbal Ağazadə ölkədəki kadr islahatlarının dərinləşməsi, idarəetmədə bələdiyyə institutunun rolu və korrupsiyaya qarşı mübarizədə məhkəmə müstəqilliyinin əhəmiyyəti ilə yanaşı, paytaxt Bakının infrastruktur problemlərinin kökündə dayanan şəhərsalma səhvləri və ekoloji amillər ətrafında fikirlərini bölüşüb.
TodayPress TV Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə müsahibəni təqdim edir:
Nicat Osmanlı: Bildiyiniz kimi, Prezident İlham Əliyev öz çıxışlarında məmurların təkəbbürlülüyü, özlərini xalqdan üstün tutmaları və baş verə biləcək korrupsiya halları ilə bağlı sərt xəbərdarlıqlar edir. Son vaxtlar isə mətbuatda Azərbaycanda yeni kadr islahatlarına start veriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Sizcə, bütün bunlar Azərbaycanda real kadr islahatlarının yeni mərhələsinə səbəb ola bilərmi?
İqbal Ağazadə: İstək çox yaxşıdır və hesab edirəm ki, bu istəyin fonunda ciddi addımlar atılarsa, Azərbaycan idarəetmənin yeni mərhələsinə qədəm qoya bilər. Amma idarəetmənin yeni mərhələsinə qədəm qoymaq üçün sistemi bir qədər dəyişmək lazımdır. Sistemi dəyişmək üçün isə məsuliyyəti təyin edilən məmurların deyil, seçilən məmurların üzərinə qoymaq lazımdır. Bunun üçün mütləq konstitusiya islahatlarına ehtiyac var; xalq həm iri şəhərlərdə, həm də yerli bələdiyyələrdə seçkilər vasitəsilə elə kadrlar seçməlidir ki, sonra onlardan hesabat tələb edə bilək. Onlar da 5 illik məsuliyyətlərini dərk edərək xalq qarşısında hesabatlılıqla çıxış edə bilsinlər.
Lakin indiki şəraitdə idarəetmənin fəlsəfəsi və prinsipləri başqadır. İndi təyinatlar yuxarıdan edilir və hesabatlılıq yalnız “yuxarının” onlara nəzarəti çatdığı qədər olur. Bu isə bəzən uzun illər tələb edir; həmin illər ərzində isə həm korrupsiya və rüşvətxorluq, həm də qeyri-qanuni hərəkətlərlə müşayiət olunan əməllər törədilir. Sonra isə həbslər baş verir və yaxud vəzifədən uzaqlaşdırılarkən külli miqdarda əmlakın siyahısı ortaya çıxır. Belə olan təqdirdə həm hakimiyyətə, həm də bütövlükdə idarəetməyə qarşı etimadsızlıq yaranır.
Bunun üçün mütləq xalq nəzarətini həyata keçirə bilən və dünyanın hər yerində analoji qaydada tətbiq olunan seçilmiş insanların hakimiyyətini formalaşdırmaq lazımdır. Bələdiyyələrin statusu artırılmalı, sonra iri şəhər bələdiyyələri seçilməlidir; kommunal ödənişlərdən və strukturlardan tutmuş şəhər nəqliyyatına qədər böyük bir infrastruktur bələdiyyələrin tabeliyinə verilməlidir. Onlardan da iş tələb edilməlidir. Xalq da bilməlidir ki, məsuliyyət artıq təyin edən şəxsin, yəni Prezidentin deyil, özünün seçdiyi şəxslərin üzərindədir və seçdiyi şəxslərdən bu vəzifələrin yerinə yetirilməsini tələb etməyə haqqı var. Bələdiyyə məclisləri formalaşdırılmalı, büdcə orada təsdiq olunmalı və həmin büdcə vasitəsilə idarəetmənin şəffaflığını təmin edən strukturlar yaradılmalıdır. Beləliklə, xalq özü idarəetmə prosesində yer almalıdır. Belə olan təqdirdə nələrəsə nail olmaq olar.
Əks təqdirdə, fərz edək ki, bu qədər komitə, nazirlik, məmur və icra hakimiyyəti strukturları var. Fakt kimi qeyd edim ki, Azərbaycanda 890 minə yaxın insan az qala məmur təbəqəsi kimi fəaliyyət göstərir; bunlar dövlət orqanlarında çalışan şəxs kateqoriyasına malik insanlardır və onların üzərində nəzarəti həyata keçirmək o qədər də sadə deyil. Bunun üçün mütləq idarəetmənin “xalq variantına” üstünlük verilməlidir; seçilmiş adamlar əslində bütün bu strukturları öz iyerarxiyasında birləşdirməlidir.
Nicat Osmanlı: Prezident korrupsiya və rüşvətxorluğa can atan məmurların hələ də mövcud olduğunu açıq şəkildə vurğulayıb. O bildirib ki, bəzi hallarda korrupsiyaya və rüşvətxorluğa düçar olanlar var. Əyri yola gedən hər bir dövlət məmuru isə nəticədə məhkəmə və qanun qarşısında cavab verməli olur; əfsuslar olsun ki, belə hallar bu gün də var. Ümid Partiyası olaraq siz bu problemin kök səbəblərini nədə görürsünüz və onun tam aradan qaldırılması üçün hansı əlavə mexanizmləri təklif edirsiniz?
İqbal Ağazadə: İlk növbədə, ictimai nəzarət mexanizminin bərpa olunması və bu mexanizmdə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı vacibdir. Məsələn, ictimai əsaslarla fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və ayrı-ayrı nazirliklərdə müvafiq şuralar var. Bu qurumlara müxalif camiədən olan nümayəndələr və qeyri-hökumət təşkilatları daha çox cəlb olunmalıdır ki, onlar fərqli fikirlərin daşıyıcıları kimi ictimai nəzarəti həyata keçirə bilsinlər, proseslərə nəzarət edib cəmiyyətlə birbaşa dialoqa keçsinlər.
Amma çox təəssüf ki, bizdə bu tipli ictimai və ya nəzarət şuralarının hamısının başında elə məmurların özləri dayanır. Təbiidir ki, hər bir məmur öz sahəsindəki rüşvət və korrupsiyanı gizlətmək üçün bütün mexanizmləri işə salacaq. Təkcə bu deyil; yenə dediyim kimi, Hesablama Palatasına təqdim olunan auditlərin ən azı ikisindən biri (ildə və ya iki ildə bir dəfə) fərqli düşərgənin adamları tərəfindən aparılmalıdır və onlar büdcə üzərində nəzarətin həyata keçirilməsini təmin etməlidirlər. O cümlədən, büdcə ilə bağlı Milli Məclisə hesabatlar təqdim olunarkən şəffaflıq təmin edilməlidir; düşünməlidirlər ki, bütün parametrlər üzrə xərclənən büdcə vəsaitlərinin hamısının təsnifatı ümumi rəqəmlərlə deyil, düzgün və detallı verilməlidir.
Digər sistemlərdə, istər hüquq-mühafizə orqanlarında, istərsə də məhkəmə sistemində şəffaflığa, korrupsiyasız və sifarişsiz məhkəmə qərarlarına nail ola bilən işlək mexanizm yaradılmalıdır. Azərbaycan məhkəmələri azad olmayana qədər korrupsiya və rüşvətxorluqla bağlı mübarizə konsepsiyası uğurla həyata keçirilə bilməyəcək. Çünki hər bir məmur səhv edə bilər, rüşvət ala bilər və ya korrupsiya ilə məşğul ola bilər. Lakin məsələ məhkəməyə gedib çıxdıqda orada obyektiv qərar verilməyəcəksə, məhkəmə sifarişli qərarlar çıxaracaqsa, bunun heç bir effekti olmayacaq. Ona görə də ilk islahat məhkəmədən başlamalıdır. Məhkəmə azad olmalı və hakimiyyətin müstəqil qolu kimi fəaliyyət göstərməlidir. Ondan sonra korrupsiya ilə məşğul olan heç bir məmur qorxulu olmayacaq. Hətta vətəndaşın korrupsiya ilə bağlı məhkəməyə müraciəti belə, işin araşdırılmasına gətirib çıxaracaq.
Bu gün bu sistem yoxdur. Korrupsiya və rüşvət halları yalnız “ən yuxarıdan” düymələr basıldıqda, müəyyən proqram çərçivəsində araşdırılır. Əslində isə vətəndaş və ya iş adamı hər hansı bir dövlət orqanında rüşvət tələbi ilə qarşılaşdıqda məhkəməyə müraciət etməli, məhkəmə isə bunu araşdırıb obyektiv qərar verməlidir. İş adamları və vətəndaşlar məhkəmənin azad olmadığını bildikləri üçün ora müraciət etmirlər. Beləliklə, yalnız yuxarılar xəbər tutanda və ya aşağıdakıların fəaliyyəti yuxarıları qane etməyəndə mübarizə mexanizmi işə düşür. Bu isə yanlışdır.
Nicat Osmanlı: Məmurların “təvazökar” olması və ailə üzvlərinin davranışına nəzarət məsələsi Prezidentin nitqlərində hər zaman ön plana çıxır. Cəmiyyətdə məmurların özlərini “xalqdan üstün” tutması halları nə dərəcədə yayğındır və bu, dövlət imicinə necə ziyan vurur?
İqbal Ağazadə: Məmur da vətəndaşdır, o da insandır. Onun da ailə üzvləri var və hər birinin cəmiyyətdə öz yeri, istəkləri, arzuları var. Mən istəyərdim ki, cəmiyyətimizdə hamı etik normalara və davranış qaydalarına riayət etsin. Amma riayət edilmədiyi təqdirdə, bu, harınlıqdan və ya qeyri-qanuni qazanılmış pullardan irəli gələn bir davranış olmasın. Çox təəssüf ki, bu gün həmin normaları pozanların böyük əksəriyyəti qeyri-qanuni vəsaitlər hesabına “böyümüş” adamlardır və özlərini bu şəkildə aparırlar.
Buna qarşı mübarizə aparmaq üçün idarəetmə forması tamamilə dəyişilməli, məmur şəffaf olmalı və hakimiyyət cəmiyyətə nümunəvi məmur obrazı göstərməlidir. Hazırda Azərbaycanda “məmur” deyəndə korrupsiya, rüşvətxorluq və var-dövləti başından aşan kifayət qədər imkanlı adamlar nəzərdə tutulur. Amma dünyanın heç bir yerində məmur obrazı bu deyil. İnkişaf etmiş ölkələrdə imkanlı şəxslər iş adamlarıdır; məmurlar isə orta statistik göstəricilərlə yaşayan və xalqına xidmət edənlərdir. Nə qədər ki, oliqarxiya ilə məmur təbəqəsi bir-birindən ayrılmayıb, bu halların qarşısını almaq və təvazökarlıq gözləmək çox çətin olacaq.
Nicat Osmanlı: Son illərdə davam edən kadr islahatları fonunda Baş nazirlik institutunun ləğv edilərək səlahiyyətlərinin 1-ci vitse-prezidentə təhvil verilməsi ehtimalı müzakirə edilir. Sizcə, belə bir dəyişiklik ölkənin icra hakimiyyətinin effektivliyinə və korrupsiyaya qarşı mübarizəyə hansı təsir göstərə bilər?
İqbal Ağazadə: Güman edirəm ki, böyük konstitusiya islahatlarına ehtiyac var və paralel strukturların hamısı ləğv olunmalıdır. Əslində Baş nazirlik və Vitse-prezidentlik institutlarının paralel olması, Baş nazirlik institutunun isə nominal xarakter daşıması hər zaman həm mənim, həm də partiyamız tərəfindən qeyd olunub. Əgər Vitse-prezidentlik institutu varsa, Baş nazirlik institutuna ciddi ehtiyac yoxdur. Çünki nazirləri də, Vitse-prezidenti də Prezident təyin edir. Vitse-prezidentlərin sayı bir neçə nəfər ola bilər və müxtəlif sahələr onlara həvalə edilərək işlərin koordinasiyası təmin oluna bilər.
Buna görə də hesab edirəm ki, Baş nazirlik də daxil olmaqla bu paralel strukturlar aradan qaldırılmalıdır. Eyni zamanda komitələr, publik hüquqi şəxslər və nazirliklər mərkəzləşdirilmiş idarəetmə sisteminə keçməli, dövlətin idarəetmədəki yükü azaldılmalıdır. Bu, ali məktəblərə və xəstəxanalara da aiddir. Dövlət büdcəsinə dəyən ziyanı və pərakəndəliyi aradan qaldırmaq üçün ciddi idarəetmə islahatlarına ehtiyac var. Baş nazirlik institutu hazırda Azərbaycanda ən zəif institutlardan biridir; hətta bəzi nazirlərin səlahiyyəti Baş nazirdən daha artıqdır.
Nicat Osmanlı: Prezident azad olunmuş torpaqlarda yaratdığı inkişaf modelini ölkənin digər bölgələrinə də tətbiq etmək istəyir. Lakin paytaxtda və rayonlarda infrastruktur problemləri yaranırsa, bu modelin bütün ölkəyə yayılması üçün hansı əlavə addımlar atılmalıdır?
İqbal Ağazadə: Qeyd etdiyim kimi, birinci növbədə bələdiyyə strukturları yaradılmalı və rəhbərlik onlara keçməlidir. Şəhər təsərrüfatı ilə Prezidentin təyin etdiyi şəxs deyil, vətəndaşların sosial və kommunal xidmətlərini təşkil edən bələdiyyələr məşğul olmalıdır. İri şəhərlərdə bələdiyyə başçıları seçilməlidir. Onlar həm parlamentə, həm də seçicilərə hesabat verməlidirlər. Bu hesabatlılıq nəticəsində onlar məsuliyyətlərini dərk edəcəklər.
Hazırda Bakının və ya hər hansı icra hakimiyyətinin vətəndaş qarşısında heç bir sorumluluğu yoxdur; onların sorumluluğu yalnız hakimiyyət qarşısındadır. Onlar da elə hesab edirlər ki, müəyyən qruplaşmalar və əlaqələr sayəsində uzun müddət vəzifədə qala bilərlər. İdarəetmənin vahid əldə cəmlənməsi deyil, xalqın bu işdə iştirakı təmin edilməlidir. Problemlər bölündükcə hər sahənin məsul şəxsi öz işini görməyə çalışacaq, çünki biləcək ki, əks təqdirdə sabah seçicidən səs ala bilməyəcək. Bunun üçün demokratik seçkilər şərtdir.
Nicat Osmanlı: Son olaraq, paytaxtda və regionlarda normadan artıq yağan yağışların yaratdığı fəsadlar cəmiyyətdə və mətbuatda Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmaq cəhdi kimi dəyərləndirilir. İllərlə qəbul olunan dövlət proqramlarına baxmayaraq, hələ də belə problemlərin yaranması nədən xəbər verir?
İqbal Ağazadə: Şəhərsalma planı vaxtında və düzgün işlənilmədiyinə görə bir sıra yerlərdə özbaşınalıqlar olub. Təəssüf ki, heç kim bunun kökünü araşdırmır. Məsələn, düşünmürlər ki, niyə Masazırı, Xırdalanı, Məhəmmədini və ya Hövsanı su basır, Yasamalda niyə bu qədər su yığılır? Əvvəlcə bir düşünsünlər ki, bu ərazilərdəki təbii gölləri necə məhv ediblər. Təbii göllər yeraltı suların süzülüb toplandığı yerlər idi. İndi o gölləri doldurub, yerini hündürləşdirərək evlər tikib satıblar. Bu suyun bir axar yeri olmalıdır; o göllər təbii drenaj rolunu oynayırdı. Əvvəllər yağış nə qədər yağsa da, uzaqbaşı göllərin səviyyəsi qalxırdı, daha küçələri su basmırdı.
Gölləri qeyri-qanuni şəkildə məhv edib üstündə evlər tikiblər və heç bir təbii fəlakət riskini nəzərə almayıblar. Həmin göllər bərpa olunmayana qədər hansı drenaj və ya kanalizasiya sistemi qurulursa-qurulsun, problemi kökündən həll etmək mümkün deyil. Məsələn, Qanlıgölü, Məhəmmədi gölünü məhv etmisiniz, amma su haradansa çıxmalıdır. Təbiətlə bu şəkildə mübarizə aparanda təbiət insanı cəzalandırır.
Bu, idarəetməyə qarşı qəsdən edilən bir hərəkətdən daha çox, səriştəsizlik və acgözlüklə bağlı məsələdir. Bakıda hər qarış torpağı satmaq üçün hər cür yola əl atıblar ki, 5 manat artıq qazansınlar; nəticə isə göz önündədir. Tövsiyəm odur ki, dövlət qurumları birinci növbədə məhv edilmiş təbii göllərin bərpası haqqında düşünsünlər. Ondan sonra qalan bütün məsələlər daha asan həll olunacaq.
Nicat Osmanlı: Çox sağ olun.
İqbal Ağazadə: Təşəkkür edirəm.
tag: İqbal Ağazadə,Partiya sədri,Azərbaycan,ÜMİD partiyası,Müsahibə,Todaypress.tv,
