ŞOK İDDİA: Ukrayna müharibəsinə 100 illik fasilə veriləcək – Ekspert elə sirləri açdı ki...

Təhlil

07.08.2025 18:00

"Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ rəhbərlərinin görüşü ərəfəsində iki mühüm məsələ ilə bağlı diqqətçəkən detalları əhatə edən məlumatlar mətbuata sızıb". 

Siyasi ekspert Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, birinci məsələ Ağ Ev lideri Donald Trampın komandasının Rusiyaya ünvanladığı gizli təkliflə bağlıdır:

"Polşanın “Onet” nəşrinin yaydığı məlumata əsasən, Moskva Trampın komandasından Avropa dövlətləri ilə razılaşdırıldığı iddia edilən əlverişli atəşkəs təklifi alıb. Təklifin əsas şərtləri aşağıdakılardır:

– sülh deyil, yalnız atəşkəs razılaşmasının əldə olunması;

– rəsmi danışıqların 49-99 il müddətinə təxirə salınması;

– bu yolla Rusiyanın mövcud ərazi qazanımlarının faktiki olaraq tanınması;

– Rusiyaya qarşı tətbiq olunan sanksiyaların böyük əksəriyyətinin yumşaldılması;

– Rusiya neft və qazının yenidən Avropa İttifaqı bazarına qaytarılması;

– NATO-nun genişlənməməsi ilə bağlı heç bir öhdəlik götürülməməsi;

– ABŞ-nin Ukraynaya hərbi yardımı davam etdirməsi.

Bu təklifin Rusiya tərəfindən qəbul olunub-olunmayacağı hələlik məlum deyil. Məhz Azərbaycanın sülh gündəliyinin fəallaşdığı bir vaxtda bu məlumatların mətbuata sızması müəyyən suallar doğurur".

Ə.Əlibəyli ikinci məsələnin Zəngəzur dəhlizi ilə bağlı olduğunu qeyd edib:

"İddialara əsasən, Zəngəzur dəhlizi ABŞ-nin idarəçiliyinə veriləcək. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın sabah Vaşinqtonda dörd mühüm sənədi imzalayacağı bildirilir. Bunlara aşağıdakılar daxildir:

– birgə sülh bəyannaməsi;

– sülh sazişinin paraflanması;

– ATƏT-in Minsk Qrupundan birgə çıxış məktubu;

– ABŞ ilə ikitərəfli sazişlər.

Bundan əlavə, "Tramp körpüsü" (TRİPP) adlı təşəbbüsün də elan olunacağı gözlənilir. Məlumata görə, ABŞ bu təşəbbüslə Ermənistan-Azərbaycan sülh sazişi çərçivəsində Cənubi Qafqazdan keçəcək strateji tranzit dəhlizinin eksklüziv inkişaf hüququnu əldə edəcək. Razılaşmanın Trampın sabah Ağ Evdə hər iki lideri qəbul etməsi zamanı rəsmiləşdirilməsi planlaşdırılır".

Analitik xatırladıb ki, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqillik qazanan Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı mübahisələr artıq 1980-ci illərin sonlarından – İrəvanın və onun arxasında duran SSRİ-nin, daha sonra isə Rusiyanın işğalçı siyasəti nəticəsində başlamışdı. Hazırkı sülh gündəliyi həmin tarixi böhrana son qoymaqla yanaşı, ABŞ-yə regionda mühüm geostrateji üstünlük qazandırır.

Qiymət Mahir

tag: Əziz Əlibəyli,Ekspert,Rusiya,Ukrayna,Azərbaycan,Ermənistan,Todaypress.tv,

photo