“Bu, Azərbaycanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini ortaya qoydu” - Ramiz Yunusun şərhi
“Ukrayna XİN rəhbərinin Azərbaycana səfəri və bu səfər çərçivəsində yüksək siyasi səviyyədə keçirilən görüşlərin ab-havası bir daha göstərdi ki, rəsmi Bakı xarici siyasətində yalnız milli maraqlardan çıxış edir. Halbuki qonşu Ermənistan hələ də xarici siyasətdə Qərblə Moskva arasında tərəddüd içindədir”.
TodayPress TV xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın 9 May Qələbə günü münasibətilə Moskvaya səfər etməsinə toxunub:
“Azərbaycan Prezidenti İlham Əliyev 9 May Qələbə günü münasibətilə Moskvaya səfər etməkdən imtina etdiyi halda, özünü “Avropaya inteqrasiya tərəfdarı” kimi təqdim edən Ermənistanın Baş naziri Nikol Paşinyan həmin tədbirdə iştirak etmək üçün Moskvaya yollandı.
Demək olar ki, eyni vaxtda Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana, Ukrayna xarici işlər naziri Andrey Sibiqanın isə Bakıya səfəri, eləcə də bu səfərlər çərçivəsində verilən bəyanatlar Azərbaycanın və Ermənistanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqelərini açıq şəkildə ortaya qoydu.
Ümid edirəm ki, bu reallıq nəinki ukraynalı ekspert Vitali Portnikov və onun kimiləri, həmçinin hələ də Ukrayna informasiya məkanında anti-Azərbaycan və anti-Türkiyə narrativləri tirajlayan, bu yolla qrantların qarşılığını verən və Ukraynanı bu günə gətirən siyasi mərkəzlərin dəyirmanına su tökən ermənipərəst ukraynalılar üçün də aydın olacaq”.
Ekspert fikirlərini alman filosofu Fridrix Nitsşenin sözləri ilə yekunlaşdırıb:
“Bəzən insanlar həqiqəti eşitmək istəmirlər, çünki illüziyaların dağılmasından qorxurlar”.
Qiymət Mahir
tag: Ramiz Yunus,Politoloq,Ukrayna,Azərbaycan,Todaypress.tv,