Bakı–Tbilisi–Ceyhan hədəfdə: Kəmər niyə “ox olub gözə batır”?
Təhlil
21.04.2026 15:15
Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri sadəcə infrastruktur layihəsi deyil, Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən, regionun enerji təhlükəsizliyi və siyasi müstəqilliyinin simvoluna çevrilən strateji “onurğa sütunu”dur. Bu kəmər Xəzər neftini Rusiya və İran ərazisindən yan keçərək birbaşa Aralıq dənizinə çıxarır, Azərbaycanın enerji ixracını şaxələndirir, Qərbin enerji maraqlarını regionla bağlayır və Türkiyəni enerji tranzit mərkəzinə çevirən əsas layihələrdən biri kimi çıxış edir. Lakin onun tarixi boyu qarşılaşdığı diplomatik, fiziki və hibrid təzyiqlər göstərir ki, BTC həm iqtisadi, həm də geosiyasi “şahmat oyunu”nun mərkəzindədir.
BTC-nin əsas prinsipi Rusiya və İrandan yan keçməkdir. 1990-cı illərin sonlarında müəyyən edilən bu marşrut Xəzər hövzəsinin enerji resurslarını Moskvanın nəzarətindən çıxararaq Azərbaycan və Gürcüstana daha böyük enerji müstəqilliyi qazandırdı. Qərb üçün bu, enerji təchizatının diversifikasiyası, region ölkələrinin isə təhlükəsizliyinin Qərb maraqları ilə uzlaşdırılması demək idi. Türkiyə üçün isə Ceyhan limanının qlobal enerji xəritəsində mühüm mərkəzə çevrilməsi və ölkənin tranzit “hub” statusunun güclənməsi ilə nəticələndi. Beləliklə, BTC yalnız neft daşımır, həm də regionda yeni geosiyasi balans formalaşdırır.
Layihənin inşası dövründə əsas müqavimət diplomatik səviyyədə idi. Rusiya və qismən Ermənistan lobbiləri marşrutun “ekoloji risklərini” qabardaraq investorları çəkindirməyə çalışırdılar. Bu, layihəni iqtisadi cəhətdən riskli göstərməyə yönəlmiş yumşaq güc siyasəti idi.
Fiziki təzyiqlər isə xüsusilə 2008-ci ildə artdı. Türkiyə ərazisində kəmərin bir hissəsində baş verən partlayış (PKK terror təşkilatı üzərinə götürmüşdü) və Avqust müharibəsi zamanı Rusiya aviasiyasının kəmərə yaxın ərazilərə zərbələr endirməsi BTC-nin həm də hərbi-siyasi hədəf olduğunu göstərdi.
İkinci Qarabağ müharibəsi zamanı risklər yenidən aktuallaşdı. Tovuz istiqamətindəki toqquşmalar və oktyabr ayında Yevlax yaxınlığında BTC-yə raket hücumu cəhdi regionda enerji infrastrukturunun nə qədər həssas olduğunu göstərdi. Raketlər kəmərə ciddi zərər vurmadan yaxın ərazidə düşdü. Bu hadisələr enerji infrastrukturuna yönələn yeni hərbi yanaşmaların mövcudluğunu ortaya qoydu.
Bu gün BTC daha çox kibertəhlükəsizlik riskləri ilə üz-üzədir. SCADA sistemləri mümkün kiberhücumların əsas hədəfidir və bu, ciddi iqtisadi və əməliyyat pozuntularına səbəb ola bilər. Gürcüstan marşrutu isə regiondakı geosiyasi gərginliklər səbəbindən həssas olaraq qalır.
2026-cı ildə isə İranla bağlı təhlükə ehtimallarının artdığı, IRGC ilə əlaqəli şəbəkələrin BTC-yə və Azərbaycandakı hədəflərə qarşı planlarının ifşa edildiyi barədə məlumatlar yayılıb. Bu bardə İsrail XİN məlumat yayıb. Bu, BTC-nin artıq regional deyil, daha geniş geosiyasi qarşıdurmaların tərkib hissəsinə çevrildiyini göstərir.
BTC 20 ildən artıqdır fasiləsiz fəaliyyət göstərərək milyardlarla barel neft nəql edib. Onun təhlükəsizliyi beynəlxalq operatorlar və tərəfdaşlar tərəfindən təmin olunur. Bununla belə, BTC sadəcə enerji xətti deyil, Cənubi Qafqazda güc balansını müəyyən edən strateji faktordur. Ona qarşı yönələn təzyiqlər regionda geosiyasi rəqabətin davam etdiyini göstərir. BTC-nin mövcudluğu isə enerji təhlükəsizliyi və regional sabitliyin əsas dayaqlarından biri olaraq qalır.
Jalə Rövşən
tag: Bakı,Tbilisi,Ceyhan,neft kəməri,Todaypress.tv,
