Kreml yenə öz ampluasında: Kabanovun sərsəm bəyanatları nəyə hesablanıb?
Təhlil
07.10.2025 12:38
Rusiyada özünü “hüquq müdafiəçisi” adlandıran Kirill Kabanov “The Duran” verilişində Azərbaycanla bağlı sərt açıqlamalar verib. O, ölkəmizin guya Ukraynaya hərbi texnika göndərdiyini iddia edib və Rusiyadakı Azərbaycan diasporunu tənqid edərək onların “siyasətə qarışmamasını” tələb edib.
Məsələ hazırda rəsmi səviyyədə şərh edilməsə də, müşahidəçilər bunun Rusiya-Azərbaycan əlaqələrində diqqətlə izlənməli proses olduğunu qeyd edirlər.
Bu açıqlamanın tək bir şəxsin emosional bəyanatı, yoxsa Kreml ideoloqlarının planlı xətti olub-olmadığı hələ məlum deyil.
Politoloq Abutalıb Səmədov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Azərbaycan Ukraynaya yalnız humanitar yardım göstərir və bu Rusiya hakimiyyətinə yaxşı məlumdur.
Ona görə Kabanov kimilərin bu cür sərsəm bəyanatlarına ciddi əhəmiyyət vermək düzgün olmaz:
“Belələri Rusiyada az deyil. Heç bir məsuliyyət hiss etmədən nə gəldi danışırlar və tamamilə mümkündür ki, Kremldə də bu cür düşünənlər var. Ancaq bütövlükdə ümid etmək lazımdır ki, Rusiya hakimiyyəti vəziyyətin nə qədər ciddi olduğunu anlayır və Kabanovların təklif etdiyi addımları heç vaxt atmayacaq. Azərbaycan Rusiya ilə münasibətlərin düzəlməsində maraqlıdır və şərtlər də ortadadır. Rusiya normal dövlət kimi davranmalı, mülki təyyarəmizin vurulmasına görə üzr istəməli, günahkarlar cəzalandırılmalı və təzminat ödənilməlidir. Burada qeyri-adi heç bir şərt Rusiya qarşısında qoyulmayıb. Azərbaycan dəfələrlə buna bənzər vəziyyətlərdə belə davranıb və Rusiyadan da beynəlxalq hüquqa uyğun addımlar atmasını gözləyir”.
Analitikin sözlərinə görə, Azərbaycanın qəti mövqeyi Rusiyaya bəllidir.
"Rusiya əvvəllər necə davranıbsa, oxşar vəziyyətlərdə o cür davranmağa davam edir. Ancaq Rusiya hakimiyyətinin kifayət qədər düşünməyə vaxtı olub və Azərbaycanın qəti mövqedə durduğunu anlamaq imkanı olub. Cənubi Qafqazda Azərbaycanın çəkisini də bilir. Ona görə də Rusiya yaxın aylarda normal dövlət kimi davranacaq və o qədər də çətin olmayan tələblərimizi icra etməyə özündə qüvvət tapacaq. Əks halda, aramızdakı soyuqluq davam edəcək, yenə "Kabanovlar" qızışdırıcı bəyanatlar verəcək və nəticədə Azərbaycan-Rusiya münasibətləri bundan yalnız zərər görəcək", - deyə o bildirib.
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,Kreml,Kirill Kabanov,Todaypress.tv,
