Paşinyanın Sankt-Peterburq səfəri: Münasibətlər istiləşir?

Təhlil

22.12.2025 15:00

Xəbər verdiyimiz kimi, Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir.

Ermənistanın Baş naziri Nikol Paşinyan da iclasda iştirak etmək üçün Rusiyaya səfərə gedib.


Səfərin gündəliyində, həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə görüş də var.

Paşinyanın Rusiyaya səfərini TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi bildirib ki, Ermənistan son illər Baş nazir Nikol Paşinyanın yürütdüyü siyasət çərçivəsində Rusiyadan uzaqlaşmağa çalışsa da, iqtisadi reallıqlar bu kursun tam şəkildə həyata keçirilməsinə imkan vermir:


“Ermənistan Avrasiya İqtisadi Birliyindən ayrıla bilmir. Ölkənin mövcud iqtisadi əlaqələri və imkanları buna şərait yaratmır. Məhz bu səbəbdən Paşinyanın Sankt-Peterburqa səfəri Rusiya ilə strateji müttəfiqlikdən daha çox məcburi tərəfdaşlıq xarakteri daşıyır”.

Ekspert qeyd edib ki, bu vəziyyətin əsas səbəblərindən biri iki ölkə arasında getdikcə dərinləşən etimad böhranıdır:

“Hər iki tərəf bir-birini qarşılıqlı şəkildə ittiham edir. Paşinyan hakimiyyətinin Qərbə yönəlməsi Rusiyada narazılıq yaratdı, Rusiyanın Qarabağ müharibəsi fonunda passiv mövqe sərgiləməsi isə Ermənistan hakimiyyətində ciddi narazılıq doğurdu. Məhz bu amillər münasibətlərin pozulmasına gətirib çıxardı və bu proses hazırda da davam edir”.

Ç.Şahbazi vurğulayıb ki, Paşinyan paralel şəkildə Qərblə əlaqələri genişləndirməyə çalışır:


“Paşinyan ABŞ və Avropa İttifaqı ilə münasibətləri ən yüksək səviyyədə qurmaq üçün ardıcıl addımlar atır. Bununla yanaşı, Rusiya ilə körpüləri tamamilə yandırmır və əlaqələri qorumağa çalışır. Sankt-Peterburqa səfər də məhz bu balans siyasətinin tərkib hissəsidir”.

Politoloqun sözlərinə görə, Ermənistanın Baş naziri Rusiyaya əvvəlki kimi etibar etmir, lakin Moskvanı tam şəkildə tərk etmək niyyətində də deyil:

“Bu, Paşinyanın Qərb və Rusiya arasında balanslaşdırılmış siyasətinin təzahürüdür. Hazırda bu siyasət Rusiyanı da qismən qane edir. Məhz buna görə də Paşinyanın Sankt-Peterburqa səfəri Moskva üçün əhəmiyyətlidir. Bu səfər Rusiyanın “Ermənistan hələ də bizim platformamızdadır” arqumentini gücləndirir”.

Ekspert əlavə edib ki, Rusiya Ermənistanı Qərbin orbitində tam şəkildə itirmək istəmir:


“Bu səbəbdən Paşinyanın Sankt-Peterburqa səfəri Rusiya üçün də önəmlidir. Ancaq görünən odur ki, iki ölkə arasındakı münasibətlər siyasi yaxınlaşma deyil, praqmatik məcburiyyətlər üzərində qurulub”.

Çingiz Şahbazinin fikrincə, bu səfər münasibətlərdəki soyuqluğu aradan qaldırmayacaq:

“Əlaqələr formallıq çərçivəsində davam edəcək. Ermənistanın mərhələli şəkildə Rusiyadan uzaqlaşma siyasəti dəyişməyəcək. Bu səbəbdən də münasibətlərin yenidən istiləşməsi və strateji baxımdan geri dönüş real görünmür”.

Qiymət Mahir

TodayPress TV

tag: Çingiz Şahbazi,Politoloq,Paşinyan,Rusiya,Todaypress.tv,