Bütün imperiyaların sonu məhvdir! – Tarix hökmünü verəcək…

Təhlil

11.09.2025 14:08

“Tarix göstərir ki, bütün imperiyaların sonu məhvdir”.

Politoloq Elşad Həsənov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

“Məsələ BMT-də müzakirə olunmalıdır”

O, son günlər gərginləşən Rusiya–Ukrayna müharibəsindən bəhs edib:

“Artıq Rusiya Polşaya da təhdid yönəldir. Sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub. Bu məsələ BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır. Çünki Rusiya NATO ölkəsinə hücum edir”.

“Ukrayna ordusu gücləndirilməlidir”

Ekspert bildirib ki, ABŞ-nin müharibəni dayandırmaq istəyi açıq görünür:

“Donald Tramp ABŞ-də yenidən hakimiyyətə gələndən bəri buna cəhd göstərir, lakin hələlik nəticə əldə edə bilməyib. Çünki Rusiya Prezidenti Vladimir Putin Trampın hədələrinə məhəl qoymur. Rusiya tərəfi hələ məqsədinə çatmadığını bildirir. Ukraynanı tam işğal etməklə məqsədlərinə nail olmağa çalışırlar. Amma düşünürəm ki, buna nail ola bilməyəcəklər. Hazırda Ukrayna Prezidenti Volodimir Zelenski həm Avropa, həm də ABŞ-dən təhlükəsizlik zəmanəti istəyir, amma buna nail olunmayıb.

Təbii ki, hər bir ölkənin əsas təhlükəsizlik zəmanəti güclü ordusudur. Güclü ordu qurmaq üçün isə güclü iqtisadiyyat lazımdır. Lakin bu gün Ukraynanın belə imkanı yoxdur. Avropa ölkələri də düşünür ki, Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün onu ciddi şəkildə dəstəkləmək lazımdır. Bunun üçün Ukrayna ordusu silah-sursat və təlimlərlə gücləndirilməlidir. Amma proses hələ istənilən səviyyədə deyil”.

“Ukrayna da Azərbaycan kimi…”

E.Həsənovun sözlərinə görə, Ukrayna artıq müharibədən yorulub, Rusiya isə son resurslarını səfərbər edir. Buna baxmayaraq, Moskva müharibəni dayandırmaq niyyətində deyil. Onlar yalnız özlərinə sərf edən şərtlərlə atəşkəsə razı olmaq istəyirlər.

“Rusiya işğal etdiyi əraziləri saxlamaq istəyir. Əgər bu gün atəşkəs elan olunsa, Rusiya həmin torpaqlardan geri çəkilməyəcək. Bundan əlavə, Moskva tələblər irəli sürür: Ukraynanın NATO-ya üzv olmaması, Rusiya Pravoslav Kilsəsinin icmalarının və rusdilli əhalinin qorunması. 

Ukrayna yalnız ABŞ və NATO ölkələrindən təhlükəsizlik zəmanəti alsa, sülh danışıqları nəticə verə bilər və 3–5 ildən sonra müharibə təhlükəsi aradan qalxa bilər. Gələcəkdə Ukrayna iqtisadiyyatını gücləndirib ordusunu daha da silahlandırsa, Azərbaycan kimi öz torpaqlarını işğaldan azad edə bilər. Çünki Rusiyanın hazırkı imperiya siyasəti onu “rus imperiyası”nın sonuna aparır”, - deyə analitik əlavə edib. 

“Bütün imperiyaların sonu məhvdir”

Siyasətçi hesab edir ki, yaxın illərdə Rusiyanın çöküşü qaçılmazdır:

“Rusiyanın şovinist siyasəti həm xaricdə, həm də daxilində narazılıqla qarşılanır. Çünki Rusiyada çoxsaylı xalqlar yaşayır və hazırda döyüşlərdə onların nümayəndələri iştirak edir. Bu isə ciddi narazılıq və etiraz doğurur. Tarix göstərir ki, bütün imperiyaların sonu məhvdir. Ona görə də “Rusiya imperiyası”nın çökməsi gözləniləndir”.

Qeyd edək ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində Rusiya ilə hazırkı cəbhə xətti üzrə toqquşmaları dayandırmağa hazır olduğunu bildirib.

O, həmçinin istisna etməyib ki, Ukrayna ilə bağlı sülh razılaşmasına Rusiya Pravoslav Kilsəsinin icmalarının və rusdilli əhalinin qorunması da daxil ola bilər.

Qiymət Mahir

TodayPress TV

tag: Elşad Həsənov,Ekspert,Rusiya,Ukrayna,Todaypress.tv,

photo