Polşanın yeni prezidenti və Bakı-Varşava xətti: Münasibətlər necə inkişaf edəcək? - Politoloq
Təhlil
07.08.2025 13:00
“Karol Navrotskinin Polşa Prezidenti seçilməsi Azərbaycan-Polşa münasibətlərinə müsbət təsir göstərə bilər”.
Politoloq Zaur İbrahimli bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni prezident sağ-mühafizəkar siyasi baxışlara sahibdir və ənənəvi dəyərlərin müdafiəçisi kimi çıxış edir.
“O, “Tramp siyasəti”nin Avropadakı ən parlaq simalarından biri ola bilər. ABŞ Prezidenti Donald Trampın komandası da onun prezidentliyə namizədliyini açıq və qətiyyətli şəkildə dəstəkləmişdi”.
Analitik diqqətə çatdırıb ki, Karol Navrotski Avropa İttifaqına (Aİ) skeptik yanaşır və Rusiya-Ukrayna müharibəsində özünəməxsus mövqeyi ilə seçilir. Bu baxımdan, Polşa ilə Azərbaycanın bəzi xarici siyasət məsələlərinə yanaşmalarında yeni prezidentin təsiri ilə daha çox ortaq nöqtələr formalaşa bilər. O, Avropada Azərbaycana qarşı qərəzli münasibət göstərən dairələrə qarşı da müxalif mövqe tutur:
“Erməni lobbisinin təsiri ilə formalaşan bu kimi təşəbbüslər artıq Polşa siyasətində əvvəlki kimi qabarıq şəkildə təzahür etməyəcək. Bu da ölkələr arasında münasibətlərin yaxşılaşmasına şərait yaradacaq”, - deyə Z.İbrahimli fikrini yekunlaşdırıb.
Qeyd edək ki, iyulun 6-da Polşanın yeni Prezidenti Karol Navrotskinin andiçmə mərasimi baş tutub.
Aysel Mətləb
tag: Zaur İbrahimli,Politoloq,Polşa,Azərbaycan,Todaypress.tv,
