Ukrayna üçün sülh “satılıb” - Natali Aleksanyanın ŞƏRHİ
Təhlil
28.11.2025 13:55
“ABŞ-nin Rusiya-Ukrayna savaşı üçün irəli sürdüyü 28 bəndlik “sülh planı” 22 bəndlik sənədə çevrilibsə, deməli, “sülh” artıq satılıb”.

Erməni jurnalist və siyasi ekspert Natali Aleksanyan bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, sülhü rəqəmlərlə ölçmək olmaz:
“Çıxarılan 6 bənd müəyyən tərəflərə açıq-aşkar mane olurdu: Rusiyaya məsuliyyətdən yayınmaq, ABŞ və Avropa İttifaqına anlaşmanı tezliklə bağlamaq üçün, vasitəçilərə isə öz maraqlarını qorumaq üçün.
Ən vacib mövzular demək olar ki, həmişə məhz çıxarılan bəndlərdə olur: bərpa kompensasiyaları, hərbi cinayətlərin qınanması, işğal olunmuş ərazilərin dəqiq statusu, real təhlükəsizlik təminatları — vədlər yox. Əgər məhz belə bəndlər çıxarılıbsa, bu sülh deyil, növbəti savaşadək fasilədir”.

N.Aleksanyan planın yalnız məsuliyyətdən qorxanlara sərf etdiyini ifadə edib:
“Uduzan isə insanların öldüyü və ərazisi işğal olunduğu halda danışıqlar masasında ona “məsələləri ardıcıllıqla həll etmək” təklif olunan ölkədir. Torpaq ardıcıllıqla geri qaytarılmır və ədalət ardıcıllıqla bərpa olunmur.
Ədalətsiz sülh barışıq deyil, zorakılığın leqallaşdırılmasıdır. Bəndlərin süni şəkildə azaldılması yalnız bir şeyi göstərir: sülhün qiyməti axtarılır, ədalətli həll yolu yox.
Mənim üçün hər hansı sülh yalnız ədalət əsasında mümkündür. Ədalət yoxdursa, bu, sülh deyil, yeni müharibədən əvvəl müvəqqəti nəfəsdir”.
Erməni ekspert sonda əlavə edib ki, həqiqi sülh qısaldılmış sənəd yox, görülmüş hərəkətlərə görə cavabdehlikdir. Əgər altı bənd yoxa çıxıbsa, deməli, belə “sülh” nə ədalətli, nə də davamlıdır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Floridaya gedərkən təyyarəsində jurnalistlərə Vaşinqtonun Ukrayna ilə bağlı təklif etdiyi sülh planında bəndlərinin sayının 28-dən 22-yə endirildiyini deyib.
Qiymət Mahir
tag: Natali Aleksanyan,Erməni jurnalist,Ukrayna,Sülh,Todaypress.tv,
