Pezeşkian ilk dəfə Xankəndidə: Nələr müzakirə ediləcək?
Təhlil
04.07.2025 12:24
“İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü çərçivəsində İran Prezidenti Məsud Pezeşkianın iştirakı və Xankəndiyə ilk dəfə bir İran rəsmisinin səfər etməsi xüsusi məna daşıyır”.
Politooq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, müzakirə oluna biləcək mövzulardan bəhs edib:
“Vaxtilə Rusiya, İran, Avropa rəsmiləri Qarabağa səfər belə etmirdilər. İndi İran prezidentinin Qarabağın mərkəzi Xankəndiyə səfəri Azərbaycan ərazilərinin rəsmi şəkildə tanınmasının göstəricisidir. İƏT çərçivəsində və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olacağı mütləqdir. Bununla belə regional və geosiyasi məsələlərin müzakirəsi zamanı iki ölkə arasında maraq doğuran və gərginlik yaradan sualların ikili ortamda qarşılıqlı açıqlığa qovuşdurulması da mümkün olacaq. Son olaraq İsrail-İran və Azərbaycan-Rusiya münasibətləri, eyni zamanda, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına olan mövqeyinin də müzakirə olunması ehtimalı böyükdür. Pezeşkianın da Azərbaycan əsilli və türk olduğunu nəzərə alsaq, tədbir Türk dünyasının simvolik birliyinin mesajı olacaq. İranın İsraillə müharibə dövründə Türkiyə, Pakistan və Azərbaycana dəstək xarakterli müraciətlərini və bu ölkələrin İrana ciddi şəkildə siyasi dəstək verməsi regional məsələlərin həllində də yeni dövrün başlanğıcı ola bilər”.
Qeyd edək ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edib. O, Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək.
Qiymət Mahir
tag: Azər Qasımov ,Politoloq,Məsud Pezeşkian,Xankəndi,Todaypress.tv,
