Laçın – Qarabağın strateji qapısı
Təhlil
26.08.2025 16:39
"Laçın adı yalnız bir coğrafi yer deyil, o Azərbaycan xalqının qəlbində azadlıq, qürur və vətən sevgisinin simvoludur. İllərlə düşmən tapdağı altında qalan bu torpaqlar hər bir azərbaycanlının ürəyində nisgil, həsrət və eyni zamanda böyük ümidlərlə anılıb. Laçına qayıdış sadəcə bir şəhərin işğaldan azad olunması deyildi. Bu, tarixi ədalətin bərpası, milli kimliyimizin möhkəmlənməsi, xalqımızın birliyi və iradəsinin təntənəsi idi. Qarabağın strateji qapısı olan Laçın, azadlığına qovuşmaqla həm də bütün Azərbaycanın qələbə ruhunu tamamladı, illərin ağrı-acısını sevinclə əvəzlədi".
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azər Allahverənov yazıb.
Deputat əlavə edib ki, Laçın adı artıq tarix kitablarından kənar, hər birimizin həyatında işıqlı bir səhifə kimi yer alacaq. O milli ləyaqətin, dözümlülüyün və dövlətçiliyə bağlılığın parlaq rəmzidir:
“Ulu Öndər Heydər Əliyev hələ Sovet dövründən başlayaraq Qarabağ məsələsində prinsipial mövqeyini nümayiş etdirirdi. Onun 1969-cu ildən etibarən başlatdığı dövlətçilik siyasəti milli ruhun dirçəlişində, xalqın azərbaycançılıq ideyası ətrafında birləşməsində mühüm rol oynadı. Ulu Öndər dəfələrlə bildirirdi ki, Qarabağ məsələsi yalnız güclü dövlətçilik, möhkəm ordu və siyasi iradə ilə həll oluna bilər.
Bu gün biz həmin uzaqgörən ideyaların reallığa çevrildiyini görürük. Heydər Əliyev irsi üzərində möhkəmlənən dövlətçilik ənənəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçının azadlığına və dirçəlişinə gətirib çıxartdı.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçını işğal etdilər. AXC–Müsavat cütlüyünün hakimiyyət ambisiyası, siyasi avantürizmi və mərkəzi hakimiyyəti zəiflətmək istəyi nəticəsində əhali etnik təmizləməyə məruz qaldı, yüzlərlə şəxs həlak oldu və ya itkin düşdü. Mədəniyyət və təhsil müəssisələri dağıdıldı, 54 dünya əhəmiyyətli tarixi abidə vandalizmlə üzləşdi.
Bu siyasi səhvlərin ən ağır nəticələrindən biri Şuşa və Laçının işğalı oldu. Laçın coğrafi baxımdan xüsusi əhəmiyyətə malik idi və düşmənin bölgədə nəzarət əldə etməsi Azərbaycanın strateji balansına zərbə vurdu. Bu, növbəti ərazi itkilərinə yol açdı və Azərbaycanın tarixi iradəsinin sarsılması ilə bitən faciəvi dövr oldu.
2020-ci ilin 44 günlük Vətən Müharibəsi bu tarixi səhvləri düzəltmək üçün dönməz addım oldu. Qəhrəman Ordunun şücaəti və Ali Baş Komandan İlham Əliyevin iradəsi nəticəsində Laçın rayonu 1 dekabr 2020-ci ildə azad edildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə alınaraq torpaqlarımızın tam bərpasına qərarlı şəkildə doğru addım atıldı.
Azadlıqdan sonra Laçında genişmiqyaslı bərpa və quruculuq işləri başladı. Prezident İlham Əliyevin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” çağırışı bu prosesin ruhunu müəyyənləşdirir.
Bu proses çərçivəsində Laçın:
Yaşıl enerji zonasının aparıcı mərkəzlərindən biri oldu — “Mişni”, “Alxaslı” və “Zabux” SES-ləri müasir texnologiyalarla bərpa edildi.
Təhsil və mədəniyyət məkanına çevrildi, yeni məktəblər, xəstəxanalar, “Zəfər” və “İşğal” muzeyləri, “Hoçazfilm” studiyası fəaliyyətə başladı.
“15 dəqiqəlik şəhər” modelinə əsaslanan rahat yaşayış mühiti formalaşdırıldı.
Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi və Azərbaycanın ən dağlıq ərazilərdə yerləşən hava limanlarından biri. Modern uçuş-enmə zolağına və terminala sahib bu infrastruktura yeni strateji nəfəs verdi.
Bu liman həm hərbi, həm də geosiyasi baxımdan Azərbaycanın təhlükəsizlik və tranzit potensialını artırır, Qarabağ turizminin qapısı kimi gələcəyə doğru açılır.
Bugün 26 avqust Laçın üçün yalnız tarix deyil, həm də millətin iradəsinin təntənəsidir. Dövlətin qərarı ilə təsis edilən “Laçın şəhəri günü” gələcək nəsillərə vətənpərvərlik məktəbi olacaq—hər il bu tarix birlik, qəhrəmanlıq və dövlət gücü ilə yad ediləcək.
Laçın artıq Azərbaycan xalqının yaddaşında həm müqavimətin, həm də dirənişin rəmzi olaraq yaşayır. Otuzillik işğaldan sonra dirçəlib, Prezident İlham Əliyevin rəhbərliyi ilə “böyük qayıdış” siyasətinin parlaq nümunəsinə çevrilməklə yanaşı, Azərbaycan dövlətçiliyinin əbədi qalasıdır".
Qiymət Mahir
tag: Azər Allahverənov,Deputat,Laçın,Qarabağ,Todaypress.tv,
