Putin Hindistanda: Rusiya nə qazanacaq?

Təhlil

04.12.2025 16:54

Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri baş tutub.  


Maraqlıdır, Rusiya bu səfərdən nə qazanacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tamilla Qulami 2024–2025-ci illərdə hər iki ölkə arasındakı ticarət dövriyyəsinin rekord həddə — təxminən 68,7 milyard dollara yüksəldiyini qeyd edib:


"Putinin Hindistana səfəri zamanı hər iki ölkə arasında bir sıra sənaye, enerji və ticarət razılaşmalarının imzalanması gözlənilir. Bu, Rusiya üçün xüsusilə əhəmiyyətlidir, çünki Rusiya–Ukrayna savaşı fonunda ixrac imkanlarının genişlənməsi onun itkilərinin müəyyən dərəcədə kompensasiyası kimi qiymətləndirilə bilər. Sirr deyil ki, Rusiya bu gün enerji, təbii resurslar və kənd təsərrüfatı sahəsindəki sərvətlərini müttəfiq ölkələrə dəyər-dəyməzə satır. Sanksiyalar altında olan ölkə üçün maliyyə alış-verişində əməliyyatların genişləndirilməsi də mümkün görünür. Hindistan Rusiyanın enerji ixracında ən vacib alıcılardan biridir və bu ölkə Moskvanın sözügedən tələbatını daha ucuz qiymətə ödəyir. Bundan əlavə, müharibə şəraitində olan Rusiya üçün nüvə enerjisi layihələri istiqamətində əməkdaşlıq, suveren texnologiyalar, texniki dəstək və investisiyalar da görüşün əsas mövzuları arasında ola bilər".

Ekspertin fikrincə, Hindistanla münasibətlərin dərinləşdirilməsi və Asiya bazarında mövqelərin qorunması Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir:


"Hindistana səfər həm də 2022-ci ildə Ukraynanın işğalından sonra yaranan beynəlxalq təcriddən çıxmaq üçün sıçrayış, öz nüfuzunu qorumaq və gücləndirmək cəhdi kimi görünür. 16 avqust Amerika səfəri də elə bu prinsipə uyğun planlaşdırılmışdı.

Moskva üçün Hindistanla sıx əlaqələr regional balansın qorunması baxımından da mühümdür. Bu əməkdaşlıq Rusiya–Çin və Rusiya–Qərb qarşıdurmalarında manevr imkanları yaradan diplomatik platforma rolunu oynayır. İmzalanacaq sənədlər, ortaq bəyanatlar və nümayiş etdirilən siyasi birlik Moskvanın yenidən nüfuz qazanmasına, Asiya və Qlobal Cənub ölkələri ilə mövqelərini möhkəmləndirməsinə xidmət edən əsas dividendlərdəndir".

T.Qulami səfərin müəyyən risklər də ehtiva etdiyini açıqlayıb:

"Hindistan Rusiyanın strateji tərəfdaşı olsa da, eyni zamanda ABŞ və Avropa İttifaqı ilə dərin iqtisadi və texnoloji bağlılığa malikdir. Yeni Dehli uzun müddətdir, hər iki tərəf arasında balanslaşdırılmış siyasət yürüdür. Görünən odur ki, Hindistan nə Rusiyanı itirmək, nə də Qərbin dəstəyindən imtina etmək niyyətindədir. Bu səbəbdən səfər zamanı Rusiya tərəfinin gözlədiyi bəzi razılaşmalar, xüsusilə hərbi əməkdaşlığın genişləndirilməsi və ya maliyyə əməliyyatlarında ciddi dəyişikliklər Hindistan tərəfindən ehtiyatla qarşılanaraq təxirə salına və ya yumşaldıla bilər. Unutmayaq ki, Rusiya Çinlə də strateji əməkdaşlıq edir. Hindistan isə Çinlə rəqabət şəraitindədir və sərhəd toqquşmaları səbəbindən Pekinlə qarşıdurmalı münasibətlərə malikdir".

Analitik sonda əlavə edib ki, qarşıdakı səfərdə Rusiya və Hindistan əlaqələrinin gücləndirilməsi Çinin maraqları ilə toqquşarsa, Pekin buna öz növbəsində cavab verə və Moskvanın balans siyasətini çətinləşdirə bilər.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri ərəfəsində iki ölkə arasında uzun müddətdir davam edən danışıqlar başa çatıb. Razılaşmaya əsasən, Hindistan Rusiyadan atom sualtı qayığını 10 illik müddətə icarəyə götürəcək.  Müqavilənin dəyəri 2 milyard dollar təşkil edir və bu məbləğə texniki xidmət də daxildir.

Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modi Ukrayna müharibəsi fonunda neytral mövqe saxlayır. Lakin ABŞ-nin ticarət siyasəti Hindistanı Rusiya ilə daha da yaxınlaşdırır. Vladimir Putinin səfəri çərçivəsində tərəflər əlavə silah tədarükü məsələsini də müzakirə edəcəklər.

Qiymət Mahir

TodayPress TV

tag: Tamilla Qulami,Politoloq,Rusiya,Hindistan,Todaypress.tv,