Politoloqdan ŞOK İDDİA: “Avropa artıq Rusiyaya uduzub”
Təhlil
19.08.2025 15:50
“Fransa Rusiyaya qarşı sanksiyalar tətbiq etmək gücündə deyil və bu məsələdə əsas söz sahibi yalnız ABŞ-dir”.
Politoloq Əhəd Məmmədli bunu Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya qarşı sanksiya tətbiq olunacağı ilə bağlı bəyanatını TodayPress TV-yə şərh edərkən deyib.
Onun sözlərinə görə, Avropa ölkələri yalnız ABŞ-nin razılığı olduğu təqdirdə Rusiyaya qarşı sanksiyalara qoşula bilərlər:
“Fransa elə gücə malik deyil ki, əgər Rusiya razılığa gəlməsə, ona qarşı sanksiyaların tətbiq olunacağını bildirsin. Bu imkana malik yeganə ölkə ABŞ-dir”.
Analitik əlavə edib ki, sanksiyalar İran, Şimali Koreya, hətta Çin kimi ölkələrə qarşı tətbiq olunsa da, ciddi nəticə vermir. Çünki böyük dövlətləri sanksiyalarla zəiflətmək və ya çökdürmək mümkün deyil.
“Qərb yalnız Ukraynaya silah təchizatını davam etdirməklə bu prosesə təsir göstərə bilər. Bu işi isə yalnız Rusiya ilə real rəqabət aparmaq gücündə olan ABŞ həyata keçirə bilər. Avropa ölkələri bu məsələdə artıq Rusiyaya uduzub. Onlar hələlik silah təchizatını cəmi 5 faiz artırmağı müzakirə edirlər”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüşün baş tutacağına əmin olduğunu bildirib. Fransa Prezidenti Emmanuel Makron da bu təşəbbüsü dəstəkləyib və görüş baş tutacağı təqdirdə əgər Putin razılığa gəlməzsə, əlavə sanksiyaların gündəmə gətiriləcəyini vurğulayıb.
Aysel Mətləb
tag: Fransa ,Rusiya,Sanksiya,ABŞ,Todaypress.tv,
