İranda rejim çöksə, nə baş verəcək?
Təhlil
20.06.2025 17:19
“İrandakı mövcud rejim böyük ehtimalla hələ bir müddət davam edə bilər”.
Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib.
O, İranda rejimin süqut edəcəyi təqdirdə nələr baş verəcəyini şərh edib:
“İranda siyasi rejim süqut etsə, ilk növbədə daxili xaos yarana bilər. Bu, həm İran, həm də İrana qonşu olan dövlətlər üçün ciddi problem yaradar. İnsanlar İrandan köç etmək niyyətinə düşə bilər, bu da qonşu dövlətlər üçün humanitar, sosial, iqtisadi, böhran yaradar, hətta daxili toqquşmalara səbəb ola bilər.
Digər ssenari isə İranda parçalanma nəticəsində yeni dövlətlərin yarana bilməsidir, ancaq bu, inandırıcı deyil. Böyük ehtimalla İranın çökməsinə çalışan dövlətlər buna imkan verməzlər, çünki bir neçə xırda dövlətin yaranması heç kimə lazım deyil”.
Ekspert qeyd edib ki, indiki situasiyada həm İsrail, həm də ABŞ-nin əsas məqsədi İranı mümkün qədər zəiflətmək və raket proqramlarını sıradan çıxararaq onu təsirsiz dövlətə çevirməkdir. Onlar bununla da Yaxın Şərqin yenidən dizayn olunma prosesini yekunlaşdırmağa cəhd göstərirlər.
Bu baxımdan ssenarilər nə qədər çox olsa da, hansının reallaşacağı qeyri-müəyyəndir. Rejimin çökmə və ya süquta uğrama ehtimalı da o qədər yüksək görünmür. Böyük ehtimalla İrandakı mövcud rejim hələ bir müddət davam edəcək.
Qiymət Mahir
tag: Elçin Xalidbəyli,Politoloq,İran,Rejim,tdaoypress.tv,
