Millət vəkilindən Zəngəzur dəhlizindən keçəcək Azərbaycan vətəndaşları ilə bağlı təklif

Təhlil

21.07.2025 16:39

"Zəngəzur dəhlizindən keçəcək Azərbaycan vətəndaşları üçün şərait fərqli, digər ölkələrin vətəndaşları və yükləri üçün isə fərqli olmalıdır".

Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

O qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mövqeyində beynəlxalq hüququ əsas götürür. Bu bölgü beynəlxalq hüququn tələblərinə tam uyğundur.

"Azərbaycan vətəndaşı başqa ölkəyə deyil, öz dövlətinin bir hissəsindən digər hissəsinə gedir. Bu baxımdan, Azərbaycandan gələn maşınlar, qatarlar və yüklər yoxlanışdan keçmədən, gömrük rüsumu tətbiq edilmədən Ermənistan ərazisindəki 42 kilometrlik məsafəni təhlükəsiz və təminatlı şəkildə keçməlidir".

Millət vəkilinin fikrincə, Ermənistan bu mexanizmi artıq daxili qanunvericiliyinə uyğun olaraq tətbiq edə bilər. Digər ölkələrin vətəndaşları və yükləri ilə bağlı isə Ermənistanın yoxlamalar aparması mümkün hesab olunur.

Parlamentari əlavə edib ki, Azərbaycanın təklif etdiyi bu model hazırda Rusiya üçün uğurla tətbiq olunur:

"Rusiyadan gələn vətəndaşlar və yüklər birbaşa, heç bir yoxlanışdan keçmədən, üçüncü bir ölkənin ərazisindən keçməklə Rusiyanın digər vilayətinə daxil olurlar. Azərbaycanın da Zəngəzur dəhlizi ilə bağlı təklifi eyni məntiqə dayanır. Hesab edirəm ki, bu yanaşma tam doğrudur və Ermənistan tərəfindən birmənalı şəkildə qəbul olunmalıdır", - deyə Aydın Mirzəzadə fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Aydın Mirzəzadə,Deputat,Zəngəzur,Dəhliz,Azərbaycanlılar,Müraciət,Todaypress.tv,